8 Yanvar 2021 15:26
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlət başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Bildirilir ki, bununla əlaqədar Dövlət Komitəsi 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin inşasını başa çatdırıb.

Bundan başqa, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllə, 1512 şagird yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi və texniki infrastruktur obyektləri, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllə, 144 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi və texniki infrastruktur obyektləri, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli bina, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli bina, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan qəsəbə inşa edilib.

Dövlət başçısı bundan sonra məcburi köçkünlər üçün evlərin ancaq işğaldan azad edilmiş torpaqlarda tikiləcəyini bildirib. Bəzi layihələrin davam etdiyini, bəzi layihələrin isə başa çatmaq üzrə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək. Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır”.

Ölkə rəhbərliyinin göstərişinə əsasən, Füzuli rayonunda tiklimiş evlər məcburi köçkünlərə veriləcək. Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq.


Müəllif: Yeganə Oqtayqızı