21 Yanvar 2021 13:05
1 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasında çalışan soydaşımız Turanə Rəsulova pandemiyanın hazırkı gedişatı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Turanə xanım, COVID-19-un müalicəsi sahəsində dünaya elmində hansı irəliləyiş var? Bir illik müalicə cəhdləri hansı təcrübələr yaratdı?

- İlk olaraq onu deyim ki, pandemiyanin başlamasından 1 ildən çox keçməsinə baxmayaraq COVID-19-un spesifik müalicəsi tapılmayıb. Bu, anlaşılandır. Çünki viral xəstəliyə qarşı spesifik dərman preparatlarının inkişaf etdirilməsi, faza sınaqları illər, bəzən on illər ala bilir.

Amma hələ ötən il mart ayından etibarən ÜST "Solidarity trial" adını verdiyi və Oktyabr ayı hesabatında açıqladığı kimi 12000-dən çox xəstə, 500-dən çox xəstəxananın iştirak etdiyi, effektiv müalicəni, ölüm saylarında azalmanı, süni tənəffüs aparatına ehtiyacın minimuma endirilməsini hədəfləyən klinik sınaqlara başladı.

Bu sınaqlar əsasında və ümumiyyətlə, bu bir il ərzində "yoxlama-yanılma" prinsipi ilə digər virus xəstəliklərində istifadə etdiyimiz dərmanları və müalicə prinsiplərini də tətbiq etdik. Nəticələr göstərdi ki, bir dövlət başçısının "mən bu dərmanı atdım və sağaldım" dediyi dərmanın əslində heç bir faydası yox imiş. Gördük ki, Yaponiyada mövsümi qripin müalicəsində uğurla istifadə olunan və COVİD-19-un da müalicəsi üçün böyük ümidlər bəslənilən dərmanın effektivliyi təsdiqini tapmır. Yəni, tibb dünyası müalicədə ciddi irəliləyiş əldə etmədi.

Tibbin ən böyük uğuru görünməmiş bir sürətlə möhtəşəm iş sərgiləyib vaksin əldə etməsidi. Bu, pandemiya ilə mübarizədə ən böyük silahımız olacaq.

- Virusla mübarizənin ilk günlərindən iştirakçısınız. COVID-19-la vidalaşmaq üçün tarix təxmininiz varmı?

- Fikrimcə, 2021-ci il pandemiya ilə vidalaşdığımız il olacaq. Kütləvi vaksinasiyanın başlanması bizə bunu deməyə əsas verir.

Lakin ÜST-ün də bildirdiyi kimi, effektiv vaksinasiyadan yalnız 6 ay sonra yavaş-yavaş normala qayıda biləcəyik. Unutmamalıyıq ki, Azərbaycanda da kütləvi istifadəsinə başlanacaq sinovak vaksininin ağır xəstəlikdən qoruma faizi Brazilyanın açıqladığı 3-cü faza nəticələrinə görə 100 faiz sayılsa da, ümumi qoruyuculuğu təxminən 50 faizdir. Fərqində olmadan xəstəliyi əlamətlərsiz və ya yüngül əlamətlərlə keçirə və başqalarını yoluxdura bilərik.

Odur ki, hələ qorunma tədbirlərinə davam edək. Qaydalara ciddi əməl edək, vaksinasiya olunaq ki, normal həyata qayıdacağımız günlər tez gəlsin.

- Koronanın yeni mutasiyaları, sizcə, hansı istiqamətdə gedə bilər? Virus zəifləyəcək, yoxsa güclənəcək?

- Təkamül nəzəriyyəsinə əsaslansaq, virusun mutasiyası yoluxuculuğu artırıb, öldürücülüyü azaltmalıdır ki, onun yaşamağa davam etməsi mümkün olsun, yəni tükənməsin, yox olmasın. Bu da virüsun yaşamaq uğrunda mübarizə şəklidir. Lakin tibb elmi ilə biz virusa sürəkli təzyiq edirik.

İngiltərədə yaranan B1.1.7 mutasiyasının da immunsupressiv dediyimiz immuniteti zəif xəstəyə xəstəliyi keçirmiş şəxslərdən alınan plazmanın köçürülməsi olduğu düşünülür.

Digər tərəfdən viruslar çox bəsit quruluşlar olduğu üçün bəzən özünü sonlandıracaq şəkildə də mutasiyaya uğraya bilir ki, koronavirusların səbəb olduğu SARS pandemiyasında bunu görmüşdük.

Zənnimcə vaksinasiyanın effektivliyini azaldacaq mutasiya baş verməyəcək. Çünki koronaviruslar qrip virusu olan influenza qədər asanlıqla dəyişmir. Biz yalnız kütləvi vaksinasiya ilə virusun öhdəsindən gələcəyik.

- Bəziləri maskaları bəşəriyyətin bundan sonrakı geyimləri sırasına daxil ediləcəyini bildirirdi. Bu proqnozda yeni virusların meydana gəlmə ehtimalı da əsas götürülürdü. Bu haqda fikriniz necədir?

- Əslində ÜST də yaxın zamanda belə bir açıqlama vermişdi ki, bu pandemiya çox təhlükəli və ölümcüldür, amma ən pisi deyil. Biz daha təhlükəli pandemiyalarla üzləşə bilərik.

Bu günlərdə nipah virusu haqqında yeni xəbərlər ortaya çıxıb, o da zoonoz infeksiyasıdır, heyvanlardan başlanğıc götürür, ölümcüllüyü koronavirusdan yüksəkdir. Yer kürəsində əhali sayının sürətlə artması, ekoloji problemlər, ekzotik heyvanların satışı, heyvan məshsullarından istifadə və bir sıra başqa səbəblər yeni epidemiyalar, pandemiyalara zəmin hazırlayır.

Zənnimcə, elmə, tibb sektoruna daha çox sərmayə ayrılmalı, çoxsaylı tədqiqatlar aparılmalı, mümkün ssenarilər və çıxış yolları araşdırılmalı, sonrakı bənzər infeksiyalara daha hazırlıqlı olmalıyıq. Amma bu ilin yayında artıq maskalardan xilas olacağımızı düşünürəm.

- Pandemiya ilə mübarizə aparan ölkələrdən hansının tədbirlərini daha təqdirəlayiq, doğru hesab edirsiniz?

- Mənim ən çox diqqətimi çəkən Yeni Zelandiya olmuşdu. Cəmi 5 milyonluq əhalisi olan bu ölkə pandemiyanın başlanğıcından etibarən dərhal karantin tədbirləri həyata keçirib ən yaxşı qorunan ölkələrdən biri oldu, ümumi ölüm sayı 100-ə çatmadı. İndi də öz əhalisindən əlavə qonşu ölkələri də pulsuz vaksinlə təmin etməyi planlaşdırır.

Amma, əlbəttə, Koreya kimi texnologiyanın imkanlarından istifadə edib pandemiyanı möhtəşəm idarə edən, Almaniya kimi güclü səhiyyə sistemi sayəsində istər pandemiyanın idarə olunması, istərsə də vaksinlərin inkişaf etdirilməsi baxımından Avropaya liderlik edən ölkələr də var.

- Azərbaycanın COVID-19-la mübarizəsini müsbət qiymətləndirmək olarmı? Səhvlər hansılardır?

- REACT-C19 layihəsi çərçivəsində Azərbaycanda koronavirusla mübarizəyə dəstək verməyə gedən 19 ÜST konsultant həkimindən biri də mən idim.

Azərbaycan pandemiyanın birinci dalğasının öhdəsindən layiqincə gəldi. Hökümət qısa müddət ərzində böyük işlər gördü, modul tipli xəstəxanalar tikildi, Yeni Klinika, ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə korpusları kimi ölkənin yüksək təchizlı xəstəxanaları koronaviruslu xəstələr üçün ayrıldı. İzolasiya tədbirləri, xəstələrdən evdə nümunələrin götürülməsi, otellərin karantin üçün ayrılması, Atletlər şəhərciyinin yüngül simptomlu xəstələrin ixtiyarına verilməsi və digər bu kimi işlər vaxtında atılmış müvafiq addımlar idi.

ÜST də Azərbaycanın mübarizəsini yüksək qiymətləndirdi. Azərbaycanın problemi mütəxəssis qıtlığıdır, icbari tibbi sığortanın tam işlək vəziyyətdə olmamasıdır. Regionlarda yeni tikilmiş xəstəxanalarda möhtəşəm tibbi texnika var, amma nə yazıq ki, onlardan istifadə edə bilən mütəxəssis yoxdur.

Mənim fikrimcə, bizim tibb sahəsində bütün problemlərimiz icbari tibbi sığortanın tədbiqindən sonra yavaş-yavaş öz həllini tapacaq. Səhiyyə xidməti tamamilə pulsuz və sığorta hesabına qarşılanandan sonra dövlət xəstəxanaları da inkişaf edəcək, tibb təhsili də. Əhali də sağlamlığını rahatlıqla dövlətinə etibar edəcək - maddiyyat düşünmədən və pul dərdi çəkmədən.

- Doktor, Türkiyədə və digər ölkələrdəki virusla mübarizə tədbirlərini izləyirik. Sizcə, vaksinasiya aparılmasına baxmayaraq, niyə yoluxma sayları aşağı düşmür?

- Çünki dünyanın ümumi mənzərəsinə baxsaq vaksinasiyanın effektiv və cəld həyata keçirilmədiyini görürük. Türkiyə bu məsələdə istisnadır. Cəmi 7 gündür vaksinasiya başlanıb, amma ilk doza vaksin olunanların sayı 800 000-i keçib və 1 ay əvvəl vaksinasiyanı başladan Avropa ölkələri arasında 7-ci yerdədir artıq.

ABŞ dekabr ayında 20 milyon vaksin etməyi planlaşdırmışdı, amma 6 milyon edə bildi. Fransa bu sürətlə davam etsə, vaksinasiyanı tamamlamaq üçün 400 ilə ehtiyac olacaq, İngiltərə vaksinə ilk qərar verən ölkə olsa da, proses gözlənildiyi kimi sürətlə getmir. Vaksinasiyaya liderlik edən İsraildir, əhalisinin 25 faizi artıq peyvənd olunub.

Dünya əhalisinin ən az 60-70 faizi vaksinasiya olunmalıdır ki, biz ümumi mənzərədə ciddi düzəlmə görək. ÜST-ün narahatlıqı ifadə etdiyi digər məsələ zəngin və orta gəlirli ölkələrin bütün vaksinləri sifariş edib az gəlirli ölkələrin prosesdən kənarda qalmasıdır. Bu, global problemdir və əlbir olub bunun öhdəsindən gəlməliyik. Əks halda pandemiya ilə mübarizə yarımçıq olacaq.

- Vaksin vurulduğu halda immunitet birinci dozadan sonra formalaşır, yoxsa ikinci dozadan sonra?

- Birinci doza vurulandan sonra orqanizmimiz ona daxil olan yad maddəyə qarşı antitel və T hüceyrələr dediyimiz immun hüceyrələr hazırlayır. Bu immun hüceyrələr getdikcə artır və bir pik həddə çatır. Sonra bu pikin düşməməsi üçün ikinci doza vaksin vurulur və orqanizmimiz bunun real təhlükə olduğunu, belə deyək, anlayıb yenə immun cavab verir və bu cavab ən az 6 ay davamlı olur.

Vaksinasiya ilə əldə etmək istədiyimiz budur. Əvvəl öldürülmüş virusu yeridib orqanizmimizə onun quruluşunu tanıdır və immunitet yaratmasına kömək edirik, əsl virusla qarılaşanda virus artıb çoxalmadan onu məhv etmək gücü qazandırırıq.

- Siz özünüz də bir neçə gün əvvəl peyvənd olundunuz. Hazırda özünüzü necə hiss edirsiniz? Peyvəndin hər hansı əlavə təsirləri oldumu?

- Bəli, mən də 5 gün əvvəl ilk doza vaksinimi aldım və çox rahatam. Ən azı, koronavirusun məndə ölümcül xəstəlik yarada bilməyəcəyini bilirəm artıq... Bu, pandemiyadan dünyasını dəyişənlərin 10 faizdən çoxunun tibb işçisi olduğunu bilən, ağır xəstələri görən insan üçün böyük azadlıq və rahatlıq duyğusudur. Bu duyğunun fonunda 1-2 gün davam edən əzələ ağrısı, halsızlıq çox sönük qalır. Özümü çox yaxşı hiss edirəm və hər kəsi ilk fürsətdə vaksinasiya etdirməyə səsləyirəm.

- Hazırkı vəziyyətdə insanlara tövsiyələriniz nələrdir?

- Növbəniz çatan kimi düşünmədən vaksinasiya etdirin. Özünüzü qorumağa davam edin. İmmunitetinizi güçlü saxlamaq üçün sağlam qidalanın, yuxu rejiminizə əməl edin və stresdən uzaq durun. 2021-ci ildə biz bu lənəti bitirəcəyik, amma birlikdə...


Müəllif: Aysel Azad