18 Oktyabr 2021 13:20
84 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, növbəti ildən əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin artımının əhalinin rifah halına təsirini necə qiymətləndirirsiniz?

- Əhalinin sosial rifahının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi üçün dövlət başçısının növbəti sərəncamı oldu. Ümumilikdə isə Azərbaycan dövlətinin daxili siyasətində əhalinin sosial müdafiəsi, rifahı hər zaman prioritet istiqamət olub. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin məğzi də məhz o idi ki, dövlət xalq üçündür. Xalqın da rifahı hər zaman hökumətin ən ümdə vəzifəsidir. Prezident İlham Əliyev də 2018-ci ildə seçki proqramını elan edərkən Azərbaycanı inkişaf etmiş sosial dövlətə çevirmək məsələsini ortaya qoyub. İnkişaf etmiş sosial dövlətin də parametrlərindən biri əhalinin sosial müdafiəsinin daim yüksəlməsidir.

- Əhalinin dayanıqlı sosial təminatı üçün ardıcıl atılan addımların xarakteri nədən ibarətdir?

- 2019-cu ildə böyük bir islahatlar paketi qəbul edildi. Təxminən 4 milyard 500 milyon manat həcmində, pensiya və sosial müavinət, əməkhaqqı tutumu olan bir büdcə müəyyənləşdi. Bu proses də davam edir. Pandemiya dövründə müəyyən çətinliklər yaransa da təxminən 3 milyard manata qədər dövlət büdcəsindən vəsait ayrıldı. Bu vəsaitlə iş yerini itirən insanların kompensasiyası təmin edildi, işsiz insanlara 190 manat həcmində müavinətlər verildi. Eyni zamanda sahibkarlara mühüm dəstək həyata keçirildi.

- Şəhid ailələri, müharibə iştirakçılarının sosial qayğıları hansı formada təmin edilir?

- 2020-ci ilin sentyabrından Vətən müharibəsi və ondan sonrakı dövrdə Prezident İlham Əliyevin təxminən 40-a yaxın sərəncamı, 11 fərmanı oldu ki, bütün bunlar şəhid ailələri, qazilər, veteranların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyırdı. Təqaüdlər artırıldı, birdəfəlik sığortaların həcmi əhəhmiyyətli dərəcədə çoxaldı. Müavinətlər, pensiyalar müəyyənləşdi, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" təqaüdü təsis edildi. Bu təqaüdün həcmi 2000 manat müəyyənləşdi.

- Növbəti ildən artırılacaq ödənişlərin həcminin hansı faiz dərəcəsində olacağı ilə bağlı proqnozlar nədən ibarətdir?

- Dövlət başçısının bu günlərdə imzaladığı sərəncamla Nazirlər Kabinetinə tapşırıldı ki, büdcədə vəsait nəzərdə tutulsun. Gələn ilin yanvarın 1-dən pensiya, müavinət, təqaüdlər və əməkhaqqları artırılacaq. Bu da Azərbaycan vətəndaşının sosial müdafiəsinin daha da yaxşılaşacağını təmin edən amillərdən biridir. Kifayət qədər ciddi bir artım olacaq ki, hər bir vətəndaş bunu öz həyatında hiss edəcək. Eyni zamanda artımın təxminən 20 faiz civarında olacağı ehtimalı da var. Burada fərqli rəqəmlər də ola bilər. Yəni pensiyalar bir cür, müavinətlər, əməkhaqqları başqa cür artırıla bilər. Dövlət başçısının sərəncamı ilə olan artımlar heç zaman 10 faizdən aşağı olmayıb. Bu artımlarla bağlı sözsüz ki, hökumət hesablamalar aparacaq. Bəri başdan bununla bağlı konkret bir rəqəm də söyləmək doğru olmaz. Hər halda artım elə bir həcmdə olacaq ki, hər bir vətəndaş öz sosial həyatında bunu hiss edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər