9 Yanvar 2023 14:44
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi soyuq hava kütləsindən qorunmaq üçün abonentlərin kombilərdən, digər qızdırıcılardan istifadə edərkən yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, quruma bununla bağlı bəzi siqnallar çatır.

“İnsanlar evlərində soyuq hava kütləsindən qorunmaq üçün kombilərdən, digər qızdırıcılardan, yaxud həmin evlərdə bu cür istilik cihazlarının olmadığından və yaxud zəif işlədiyindən əsasən qaz plitələrinin istifadəsinə güc verirlər. Bu da təbii ki, çox böyük təhlükə mənbəyidir. Bilirsiniz ki, insanlar yatdığı halda həmin o qaz plitələrini işlək vəziyyətdə qoya bilməzlər. İstənilən halda, “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmasa da, təbii fəlakət nəticəsində həmin ərazinin qazı kəsilə bilər. Həmçinin, hər hansı formada qaz sıza bilər və bu sızma partlayışa və insan ölümünə gətirib çıxara bilər”.

E. Vəliyev qeyd edib ki, həmçinin tüstü bacalarına yüksək təzyiqli hava kütləsi daxil olduğundan dəm qazının geriyə qayıtmaq eytimalı da var: “Belə hallar bütün dünyada olur. Güclü külək istiqamətindən asılı olmayaraq bacalara təsir edə bilər. Havaya çıxarılan dəm qazının geriyə bacadan yenidən qayıtması ola bilər. Abonentlər bu tip hallara da ciddi yanaşmalıdır”.


Müəllif: Teleqraf.com