Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə iyulun 25-də Quba şəhərinin Heydər Əliyev Mərkəzində "Yeni Hədəflərə Doğru" Vətəndaş Həmrəyliyinin gücləndirilməsi çərçivəsində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu barədə ətraflı danışıb.
O, qeyd edib ki, həyata keçirilən genişmiqyaslı və fundamental islahatlar nəticəsində iqtisadi inkişafa, siyasi sabitliyə, qanunvericilik bazasının güclənməsinə nail olunub. Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planınln təsdiqlənməsi, Elektron Hökumət portalının, “ASAN” xidmətin yaradılması, Gömrük sistemində bir pəncərə prinsipinin tətbiq olunmasını aparılan islahatların tərkib hissəsi sayan Rufiz Qonaqov Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklər edilməsinə dair sərəncamı haqda geniş danışıb: “Dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı Konstitusiya islahatları həyata keçirilir. Zaman keçdikcə, yeni siyasi stiuasiya yetişdikcə Konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Azərbaycanda prezidentli respublika quruluşu olduğu üçün ölkə başçısına geniş səlahiyyətlər verilməlidir. Bu dəyişikliklərin ən böyük müsbət təsiri, şübhəsiz ki, Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş lideri, cəmiyyətin etimadını doğrultmuş siyasi xadimi var və bu, Prezident İlham Əliyevdir. O, Azərbaycanda alternativsiz siyasi liderdir. Bu mənada hesab edirəm ki, prezidentlik müddətinin artırılması bütün parametrlər üzrə vacibdir”.
Rufiz Qonaqov əlavə edib ki, üç ay davam edən tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçirilir. Bundan başqa Facebook sosial şəbəkəsində "İnkişaf Qrupu", eləcə də, "Ağ Yol" qrupunda, təşkilatın eyniadlı səhifəsində sosial, iqtisadi, siyasi və s, islahatların əhəmiyyətini özündə əks etdirən məlumatlar paylaşılır.
Quba Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə xanım Bayramova ölkədə, xüsusilə də, Quba şəhərində görülən işlər barədə Konfrans iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, ölkədəki islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir: “Bu gün Azərbaycandakı iqtisadi inkişaf, siyasi sabitlik Quba şəhərindən də yan keçməyib. Şəhərimizdə aparılan quruculuq-abadlıq işləri son illər daha da sürətləndirilib. Fermerlərə dövlət səviyyəsində dəstək verilib. Burada aqrar sektor nəzərəçarpacaq səviyyədə inkişaf edib. Quba şəhərinin ölkədəki inkişafda xüsusi payı var. Düşünürəm ki, yaxın gələcəkdə Quba Azərbaycanın ən inkişaf etmiş şəhəri olacaq. Bunun üçün potensial mövcuddur. Həm coğrafi mövqeyimiz, turizm üçün imkanlar, həm də əlverişli münbit torpaq sahəsinin bol olması Qubanın perspektivini yüksəldir ”.
Quba Regional Resurs Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev Azərbaycanın son 20 ildə demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu qət etdiyini diqqətə çatdırdı: “Azərbaycanda hüquqi dövlət qurulub. Biz hazırda dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində mühim addımlar atırıq. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi tellər mövcuddur. Quba əhalisi də daim dövlətimizi keçiyində durub. Quba gəncləri ölkədəki ictimai-siyasi, mədəni tədbirlərdə fəal iştirak edirlər. Şəhərimizdə kifayət qədər kadr potensialı var və onlar müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu gün ölkədə əldə olunan uğurlarda qubalıların da payı var. Aparılan siyasət vətəndaşın inkişafına xidmət edir. Vətəndaşın inkişafı, əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlər sonda Azərbaycanın dövlət olaraq güclənməsinə gətirib çıxaracaq”.
“Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov Azərbaycanda, o cümlədən, Quba rayonunda aparılan islahatlardan danışaraq qeyd etdi ki, məhz görülən işlərin nəticədir ki, Quba daim mətbuatın diqqət mərkəzində olub: “Azərbaycan mətbuatı Qubada baş verən hadisələrə həssasla yanaşır. Bu da rayonumuzun əhəmiyyətindən xəbər verir. Rayonumuza göstərilən dövlət qayğısı hər birimizin həyatında hiss olunmaqdadır. Biz ölkə rəhbərliyinin apardığı xarici və daxili siyasətə daim dəstək olmuşuq. Qubalılar hər zaman dövlətçiliyin tərəfində olub və bundan sonar da belə olacaq”.
“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış edərək bildirib ki, rayon gəncləri ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmır, proseslərdə çox aktiv iştirak edirlər: “Dövlətin gənclərlə bağlı siyasəti hər yerdə olduğu kimi Qubada da öz müsbət təsirlərini göstərməkdədir. Rayonumuzun gəncləri ali məktəblərə qəbul imtahanlarında, yerli və beynəlxalq idman yarışlarında uğurlu nəticələr əldə ediblər. Rayonumuzda inşa edilmiş olimpia və digər idman kompleksləri, Gənclər Mərkəzi, parklar və s. iaşə obyektləri gənclərimizin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan verir. Quba gəncləri ölkə rəhbərliyinin siyasətini dəstəkləməklə bərabər, daim dövlətiliyimizin güclənməsi üçün əllərindən gələni edib”.
Qəçreş kənd orta məktəbinin direktoru, Quba rayon Qadınlar Şurasının üzvü Mehparə Rüstəmova Quba təhsilinin bu günki durumundan və rayon qadınlarının ictimai-siyasi proseslərdəki rolu barədə ətraflı çıxış etdi. O, qeyd etdi ki, rayonda təhsilin inkişafı üçün gərəkən addımlar atılıb: “Quba şəhəri təhsilin səviyyəsinə görə, digər şəhər və rayonlardan daha öndədir ki, bu da təsadüfi deyil. Bizim rayonda elm və təhsilə hər zaman böyük maraq olub. Xüsusilə də, burada qadınların təhsil almasına diqqət göstərilir. Mən inanıram ki, yaxın gələcəkdə Quba şəhəri bütün parametrlər üzrə daha da inkişaf edəcək”.
Konfrans müzakirələrlə davam etdirilib.
Ruslan