“2016-2017-ci tədris ili üzrə pilot olaraq, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “Təhsil Nazirliyi ilə “ASAN xidmət” tərəfindən birgə hazırlanmış “ASAN peşə” layihəsi çərçivəsində aparılacaq”.
Teleqraf.com-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən press-brifinqdə deyib.
C.Valehov qeyd edib ki, ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq.
Nəticələr avqustun 26-da elan olunacaq. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi - “ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
Məlumat üçün qeyd edək ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub.
İlhamə ƏBÜLFƏT