Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbula dair statistik məlumatı açıqlayıb.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
İlhamə ƏBÜLFƏT