Kənd Təsərrüfatı Nazirliyində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 2016-cı ilin birinci yarısında fəalliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, iclasda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1732,0 min manat təşkil edib, bu, 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə, 2007-2013 cü illərdə ümumilikdə daxil olmuş vəsaitdən isə 1,3 dəfə çoxdur.
2016-cı ilin ötən altı ayı ərzində Dövlət Xidmətinin yerli qurumları tərəfindən bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizimlər və 78 halda nizamlanan zərərli orqanizimlər aşkar edilib, zərərli orqanizimlər müəyyən edildiyinə görə 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb, 971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra istifadəsinə icazə verilib, təxminən 97 min ton yük, 1 mln. 470 min kub-metr taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib.
Kollegiya iclasında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin ayrı-ayrı qurumlarının fəaliyyətində yol verilmiş nöqsanlar da geniş müzakirə olunub.
Qeyd edilib ki, Bakı-Abşeron, Gəncə, Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz, Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən fitosanitar tədbirlərinin aparılmasında ciddi nöqsanlara yol verilib, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydaları pozulub.
Məntəqələrin rəhbərləri mövcud nöqsanların aradan qaldırılmasını vaxtında təmin etməyib və mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaradılıb. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstəriblər.
Dövlət Xidməti tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində müşahidə olunan qanunsuz əməllərin qarşısı əksər hallarda alınsa da, nöqsanların tamamilə aradan qaldırılması üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur.
Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olub. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaldıb. Göstərilən rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmür.
Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib.
Kollegiyada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
İlhamə ƏBÜLFƏT