Bu il Azərbaycanın turizmdən gəliri 1,834 milyard ABŞ dollarına çatacaq. Bu barədə “World Travel and Tourism Council”in (WTTC – Dünya Səyahət və Turizm Şurası) ekspertləri açıqlama yayıblar.
2015-ci ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 6,4% artaraq 1 milyon nəfərə çatıb. Hər gün ərəb ölkələrindən 600-1000 nəfər turist Azərbaycana səyahət edir, gün ərzində ölkədə minimum 150-200 dollar xərcləyirlər.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyir ki, 2016-ci il ölkə üçün turizm inqilabı ildir: “Bu qədər artım heç bir ölkədə olmayıb. Azərbaycan buna özünün ciddi-cəhdlərindən sonra nail oldu. 5 il bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası Dubay şəhərində yerləşən “Atlantis Holiday” turizm şirkəti ilə müqavilə imzaladı. Müqaviləyə əsasən, həmin şirkət nazirliyin və assosiasiyanın nümayəndəliyi kimi fəaliyyət göstərir. Bu müqavilənin bəhrəsini indi görürük ”.
Assosiasiya sədrinin sözlərinə görə, manatın devalvasiyasından sonra Azərbaycana gələn turistlər ödənişi dollarla apardıqları üçün xidmətlərin qiyməti onlara ucuz başa gəlir: “Ölkəmizdə manatın məzənnəsinin dəyişməsi ölkəyə gələn turistlər üçün əlverişli zəmin yaradıb”.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) bu ilin birinci yarımili ərzində 10086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.
Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Cari ilin ilk altı ayı ərzində 11028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar-iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur. 2016-cı ilin birinci yarımili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.
Nahid Bağırov deyir ki, ərəb turisti dünyada ən yaxşı turistlər sayılır: “Onlar gün ərzində 150-200 dollar pul xəricləyirlər. Restorana getməyi, alış-veriş etməyi sevirlər”.
Yalnız ərəb ölkələrindən deyil, Rusiyadan, Avropadan gələn turist sayının da qarşıdakı illərdə artacağını deyən AzTA sədri bu baxımdan nikbindir: “Azərbaycana turistlərin əsasən Rusiyadan, ərəb ölkələrindən cəlb edilməsi üçün işlər aparılır. Sentyabrın sonuna axın zəifləyəcək. Çünki onlar iyun-iyul, avqust və sentyabrın sonuna kimi daha çox səfər etməyi sevirlər. Gələn ayın 15-ə kimi Azərbaycan otellərində demək olar ki, yer yoxdur”.
Nahid Bağırovun sözlərinə görə, Dubaydan gələnlər daha çox 5 ulduzlu, İraqdan gələnlər isə 4 və 3 ulduzlu otellərə üstünlük verirlər: “Hesab edirəm ki, otellərin sayını ən azı iki dəfə artırmaq lazımdır. Ölkəmizdə 3 ulduzlu otellər, hosterlər tikilsə daha yaxşı olar”.
Turistlər regionlardan Qəbələ, Quba, Qusar zonalarını getməyi daha çox xoşlayırlar və əlaqədar qurumlar bunu da nəzərə almalıdırlar.
İlhamə ƏBÜLFƏT