Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid pul dəfinəsi tapılıb.
Teleqraf.com-un AzərTAC-a istinadən verdiyt məlumata görə, tədqiqat işləri zamanı aşkar olunan dəfinə təsərrüfat küpünün içərisində çoxlu sayda mis sikkələrdən ibarətdir.
Tapılan 273 ədəd mis sikkə tədqiq olunmaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. Sikkələr numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq olunub. Mis sikkələr AMEA Radiasiya Problemləri İnstitutunun “Radiokimya laboratoriyası”nda kimya elmləri namizədi Rauf Quliyev tərəfindən kimyəvi üsullarla təmizlənib və onların üzərində aparılmış elmi-tədqiqat işləri tam başa çatdırılıb.
Mis dirhəm və fəlslərdən ibarət olan qədim pullar Atabəy Eldəgizlər dövrünə (XII əsr) aiddir. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrindən məlum olur ki, qədim mis pullar İraq Səlcuq sultanı Arslan şahın (1161-1176) adından kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin (1160-1170) adı həkk olunub. Digər tərəfində isə “Qurani Kərim”in “Tövbə” surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.
Dəfinə nümayiş etdirilmək üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.