Xalq artisti Tariyel Qasımovun nəvəsi Fariz Kərimli dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, xəbəri Trend yayıb.
Gənc şair, paralimpiyaçı Fariz Kərimlinin ölümüylə bağlı rejissor Aqil M.Quliyev sosial şəbəkədə başsağlığı verib:
“Allah rəhmət eləsin. Sən çox vuruşdun, çalışdın, bu həyatda mübariz oldun. Şeir, dizayn, montaj, biznes. Sən səndən asılı hər şeyi etdin. Bizim yaddaşımızda həmişə belə qalacaqsan. Bizim kollektivin adından ailəsinə və yaxınlarına baş sağlığı, Farizə Allahın rəhmətini diləyirəm”.
Boccia idman növü üzrə Azərbaycan çempionu olan, 1-ci qrup əlil, şair Fariz Kərimli böyrək çatışmazlığından əziyyət çəkirdi. Xalq artisti Tariyel Qasımovun nəvəsi olan Fariz bir neçə ay öncə sosial şəbəkədə paylaşdığı videoda babasının ona qarşı biganəliyindən şikayətlənmiş, müalicəsiylə bağlı yardım istəmişdi.
Müalicəylə xəstəliyinin düzəlməyəcəyini bildirən aktyor isə bunu onun adını ləkələmək üçün qurulan kampaniya adlandırmışdı.
Böyrək çatışmazlığından əziyyət çəkən Fariz Kərimlinin nəvəsi olduğunu təsdiqləyən aktyor səkkiz il onun qayğısına qaldığını demişdi: “O uşaq iki yaşında olanda xəstələnib. Mən on yaşına qədər onun müalicəsi ilə məşğul olmuşam. Axırda həkimlər mənə dedilər ki, Tariyel müəllim, bu sağalan xəstəlik deyil, pulunuzu nahaq yerə xərcləməyin. Ondan sonra mən o uşağı atasına, əmilərinə tapşırdım. Əmilərinin çox böyük imkanları var. Qızım ərindən ayrılandan sonra onlarla nə salamlaşıram, nə görüşürəm”.
Pərvin