“Təhsil üzrə ekspert Nadir İsrafilovun bu il guya 30 min şagirdin ümumi təhsil müəssisələrinə gedə bilməyəcəyi barədə dedikləri yalan informasiyadır və Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib”.
Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.
Açıqlamada deyilir ki, Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib: “Nazirliyin rəsmiləri müxtəlif tədbirlərdə ölkənin müsbət demoqrafiyasını qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər. Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156877 nəfər şagird qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür”.
Təhsil ekspertinin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə isə nazirlik tərəfindən cavab olaraq TQDK-nın aşağıda təqdim olunan statistikası qeyd olunub: “2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda - 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib”.
İlhamə ƏBÜLFƏT