2016-2017-ci tədris ilində ölkə üzrə 164033 uşaq I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 min 242 nəfər olacaq.
Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, yeni dərs ilində Bakı şəhəri üzrə 43 min 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində ümumilikdə 354 min 573 nəfər şagird təhsil alacaq.
Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək, onlardan 7 məktəb Təhsil Nazirliyinin sifarişi ilə tikilib. 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.
Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.
İlhamə ƏBÜLFƏT