Bəzən jurnalistikada müəyyən bir yerə gələn, uğur qazanıb, təcrübə toplayan yazarlar öz yazılarını qələmə alanda yüz ölçüb, bir biçir, illərlə qazandıqları xətir-hörməti bir yazıyla itirmək istəmirlər. Sanki onlar zaman keçdikcə məmurlaşır, yazılarındakı səmimiyyət dozası azalır.
Halbuki, dinin, ənənənin daha çox oturuşduğu Türkiyə cəmiyyətində vəziyyət tamamilə fərqlidir. Orada köşə yazarları tez-tez ən gizli həyati məqamlarla bağlı səmimi yazılar qələmə alırlar. Ən nüfuzlu qəzetlərin rəhbərliyində təmsil olunan, uzun illərdir böyük oxucu kütləsi qazanan Ərtoğrul Özkök, Ayşe Arman kimi yazarlar belə bəzən elə intim mövzularda heç bir kompleks keçirmədən yazırlar ki…
Bəs “o əjdahadan” bizdə niyə yoxdur, nüfuzlu köşə yazarlarımız, jurnalistlər niyə bu mövzulardan çəkinirlər.
Bu suala cavab tapmaq üçün tanınmış jurnalistlərə üz tutduq. Onların fikirlərini təqdim edirik:
İlhamiyyə Rza: Köşə yazarının qəzetçi, jurnalist olması şərt deyil. O, cəmiyyətə maraqlı olan istənilən sahənin təmsilçisi ola bilər. Əsas şərt onun cəmiyyət üçün maraqlı sima olması və deyəcək fikirlərinin olmasıdır. Bu fikirlər obyektiv olmaya da bilər. Əslində, elə daha çox subyektiv olur. Nə qədər özünəməxsus və fərqli fikir söyləsən, köşə yazısı bir o qədər maraqlı alınır. Təbii ki, istənilən mövzuda səmimiyyət şərtdir. Çünki müəllifin məqsədi səni məlumatlandırmaq, öyrətmək, maarifləndirməkdən daha çox səninlə həmsöhbət olmaq, səni düşündürməkdir. Səmimiyyət olmadan buna nail olmaq isə qeyri-mümkündür.
Türkiyədə köşə janrı çox gəlişib. Təəssüf ki, mütəmadi izləyə bilmirəm. Amma ara-sıra oxuyub ləzzət alıram. Ayşə Arman həmişə öz cəsarətli layihələriylə diqqətimi cəlb edib. Onun bir layihəsi vardı, müsahibəni yataqda alırdı. Əslində, bu məsələnin zahiri tərəfidir. Bu müsahibəyə razılıq verən müsahiblər həmin şəraitdə xeyli səmimi ola bilirdilər. Tələb olunan da elə bu idi. Amma inanmıram ki, bizdə belə layihəni alqışlarla qarşılasınlar. Çünki bizim yazarlar məsələnin səmimiyyət tərəfini az düşünürlər. Belə bir şey etsələr də, şok effekti yaratmaqçün edəcəklər.
Qulu Məhərrəmli: Fərq köşə yazarlarında deyil, fərq cəmiyyətlədədir, cəmiyyətin psixologiyasındadır, oxucuların, auditoriyanın qavrayışındadır. Azərbaycan cəmiyyəti 10 ildən sonra bu mövzularda rahat yaza biləcək, çünki tele-şoular, mental dəyərlərin gücdən düşməsi, qadağaların aradan görürülməsi toplumu o istiqamətə aparır.
Türkiyədə belə məsələlər harmonik haldadır. Bizdə isə müəyyən cəhdlər var, o da yetərincə deyil. Biz ya çox ciddi şeylərdən yazırıq, ya da bunları tamamilə kənara qoyub, yalnız şoudan, məişət məsələlərindən, yataq düşüncələrindən yazırıq.
Türkiyədə hansısa köşə yazarı ictimai rəyə təsir eləyir, çünki onun sözü sözdür. Azərbaycanda isə bunlar bir problem kimi yazılır, diqqət cəmiyyətin bu tipli problemlərinə yönəldilir, ancaq effekt az olur.
Köşə yazıları bir forma kimi bizdə formalaşıb, yaxşı qələm adamlarımız da var. Amma onların əsas məqsədi ictimai ağrıları qabartmaq, ictimai mesajlar verməkdir. Hələlik Azərbaycanda köşə yazarlığı özünün bu dövrünü yaşayır. Gələcəkdə necə olacaq, onu bir Allah bilir.
Elçin Şıxlı: Mən heç bir ciddi köşə yazarının öz yataq otağından yazdığının şahidi olmamışam, rast gəlməmişəm. Yaxşı ki, bizdə belə şeylər yoxdur. Bu fikirlərim konservatizm kimi anlaşılmasın. Ümumiyyətlə, intim həyat, yataq mövzuları çox fərdi, şəxsi şeydir. Mən bunları yazmağın tərəfdarı deyiləm, kim çıxarırsa, özü bilər.
Açıq mövzulara toxunmaq olar. İstənilən sənətkar belə mövzulara bu və ya digər şəkildə toxunur. Bu, normaldır. Amma toxunub-toxunmamağın da özünün formaları var. Əgər adam gözəl yaza bilirsə, onda hə, hər şeydən yazmaq olar. Eyni fikri elə savadla, elə incəliklə çatdırmaq olar ki, oxucunun heç ruhu da inciməz. Bəzən də elə gözəl mövzunu elə kobud yazırlar ki… Mən bizim yazarların həmin mövzuda yüksək sənətkarlıqla yaza biləcəklərinə inanmıram.
Arif Əliyev: Türkiyə mətbuatının genişliyi, o cümlədən, türk cəmiyyətinin mədəni inkişaf yolu bizdən daha miqyaslı, daha fərqlidir. Ancaq bir şeyi nəzərə alın ki, türkiyəli yazarlar belə mövzulara toxunanda yüksək ustalıqla toxunurlar, onların yazdığı abırsızlıq kimi çıxmır.
O ki qaldı bizə, açığı, bu mövzuların o qədər də aktual ola biləcəyinə inanmıram. Lazım olanda, əgər söhbət intim mövzunun ictimai məna kəsb edən aspektlərindən gedirsə, Azərbaycan jurnalistləri çəkinmədən o mövzuya müraciət edirlər – xüsusilə şou ulduzlarının həyatı ilə bağlı məqamlarda. Ona görə də, məncə, bu mövzu bizim mətbuat üçün tabu deyil.
Sevinc Elsevər: Bu kimi mövzularda yazılmamasının səbəbi cəmiyyətin münasibətidir. Seymur Baycan az da olsa yazır. Hələ az yazırlar, bu qədər söyülürlər, gör çox yazsalar, necə olar… Şeir yazırsan, hekayə yazırsan, film çəkirsən, açıq səhnə təsvir eləyəndə səni mühakimə edirlər. Tək problem bu deyil ki…
Sevinc