Oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları” QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib.
QSC-dənTeleqraf.com-a verilən məlumata görə Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.
Dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulmasına yanvar ayında start verilmişdir. Əsaslı təmirdən sonra burada bir deyil, iki baza fəaliyyət göstərir.
Məlumat verilib ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılmış və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatıb. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.
Bundan başqa ərazidə ağac və bəzək kolları əkilmiş, yaşıllıqlar salınmışdır. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü iştirak edib.
Hazırda bazada müxtəlif fasilələrlə 6 ədəd çatılı kran fəaliyyət göstərir. «Azərbaycan Dəmir Yolları» QSC rəhbərliyinin yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı rəhbərliyinin kran alınıb.
Ərazidə yeni inzibati bina, əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyunub-geyinmə otaqları və duşxanalar, gözətçi budkası, tikilib-istifadəyə verilmiş, ərazi müasir səviyyəli hazırlanmış, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar, yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib.
Texnikalar üçün nəzərdə tutulan anqarın və yeni stadionun tikintisi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əsaslı təmirdən sonra istifadəyə verilən Səngəçal istehsalat bazasına baxış keçirib.
Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının formalaşması, əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanmış və bu günə qədər həmin məqsədə xidmət göstərir.
İlhamə ƏBÜLFƏT