14 Oktyabr 2016 20:13
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının konfrans zalında “Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda ictimai müzakirə olub.

Partiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müzakirə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində keçirilib.

Layihənin rəhbəri Ülkər Abdullayeva Azərbaycanda sekulyar dövlətçiliyin tarixi, dini radikalizm problemləri, Azərbaycanın ictimai-siyasi həyatında dinin rolu, o cümlədən Azərbaycan prezidentinin təqdimatı əsasında ölkə qanunvericiliyinə verilən dini məsələlərlə bağlı təkliflərdən bəhs edib.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə müsəlman şərqində və türk dünyasında sekulyar dövlətçilik ənənəsinin əsasının Azərbaycanda qoyulduğunu xatırladıb. O, dünyəvi dövlətçiliyimizin qorunması, gücləndirilməsi zərurətindən, hər cür dini radikal meyllərin ölkəmiz və bizi əhatə edən dünya üçün ziyanlı olmasından danışıb.

Millət vəkili deyib ki, Azərbaycanda sekulyar dövlətçiliyin inkişafının, möhkəmlənməsinin yolu cəhalətlə mübarizədən və savadlı, dünyada gedən rəqabətdə önə çıxa biləcək gənclərin yetişdirilməsindən keçir. Onun fikrincə, bu missiyanın yerinə yetirilməsində qadınların üzərinə çox böyük vəzifələr düşür. Onlar orta əsrlərin təfəkküründən uzaq durmalı, öz potensiallarını dünyanın gələcəyi üçün önəmli olan elm sahələrinə, faydalı peşələrin öyrənilməsinə sərf etməlidirlər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər