21 Oktyabr 2016 12:14
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

1926-cı il

“Oğurlayırlar. Montin qəsəbəsində materiallara nəzarət yoxdur. Qəsəbə sakinləri bundan istifadə edərək ağac materiallarını oğurlayır, onlardan masalar, şkaflar, kətillər düzəldir, sonra isə bazarda satırlar” - “Bakinski Raboçi” qəzeti 17 oktyabr tarixli sayında “Tikanlı sətirlər” başlığı altında bu xəbəri dərc edir.

Qəzetin yazdığına görə, “Azneft”in təmir şöbəsində çalışan işçilərdən biri oğurluq materialdan hətta böyük bir paltar şkafı düzəldərək satıb.

Elə həmin nömrəsində qəzet daha bir oğurluq hadisəsindən yazır: “Azneft”in ikinci zavodlar qrupunun təsərrüfat-əmtəə kassasında yoxlama aparılıb və 74 manatlıq çatışmazlıq müəyyən edilib. Təftiş komissiyasının göstərişi ilə həmin məbləği həmkarlar təşkilatının sədri Karmişkin ödəməli olub. Üstəlik, Karmişkin vəzifəsindən azad edilərək istehsalatda çalışmağa göndərilib, onun yerinə isə fəhlə qadın seçilib.

1935-ci il

Oktyabrın 19-da qəzet Lev Tolstoyun vəfatının 25 illiyi ilə əlaqədar “Azərnəşr”in çapa hazırladığı yeni kitablardan söz açır.

Nəşriyyat Məmməd Arifin tərcüməsində “Hərb və sülh” romanının yeni cildini çap edəcək. Bundan əlavə, “Dirilmə” yeni tərcümədə çapa hazırlanır. Ayrıca kitab şəklində Leninin Tolstoy haqqında 4 məqaləsi işıq üzü görəcək. 1936-cı ilin çap planına isə “Hərb və sülh”ün qalan cildləri və “Anna Karenina” salınıb.

1937-ci il

Oktyabrın 22-sində “Bakinski Raboçi”də “Şuşada düşmənlərin həmləsi” başlıqlı yazı yer alıb. Məlumata görə, gecə vaxtı Şuşada körpələr evi yandırılıb.

Qəzet yazır: “Yanğın əvvəlcədən düşünülüb. Buna sübut kimi körpələr evinə çox yaxın yerləşən ibadət yerinin xətər görməməsini göstərmək olar. O da xarakterikdir ki, yanğından dərhal sonra ruhanilər təxribatçı şayiələr yaymağa başlayıblar. Körpələr evinin yanması şübhəsiz ki, xalq düşmənlərinin əməlidir. Düşmənlərin əməlindən hiddətlənən Şuşa zəhmətkeşləri yanğının baş vermə səbəblərinin dərhal araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Ancaq nədənsə partiya və Sovet təşkilatlarının rəhbərləri, o cümlədən, rayon icraiyyə komitəsinin sədri Arzumanov yanğını sırf adi cinayət hadisəsi kimi qələmə verməyə çalışır”.

Elə həmin nömrəsində qəzet Azərbaycanda malyariya ilə mübarizə kampaniyasından bəhs edir. Respublikanın 86 məntəqəsindəki tropik stansiyalarda, dispanserlərdə malyariya və onun törədicisi olan anofeles ağcaqanadları ilə mübarizə aparılır.

“Sovet hakimiyyəti illərində aparılmış inadlı mübarizə öz bəhrəsini verməkdədir. 25 min nəfər neftçinin qanını yoxlayarakən onlardan yalnız 0,02 faizinin qanında malyariya bakteriyaları aşkarlanıb. Əvvəllər xəstəliyin təbii ocaqları sayılan Xaçmaz, Yevlax, Ağcabədidə də malyariyaya nadir hallarda rast gəlinir”, - qəzet yazır.

Qeyd edək ki, Azərbaycanda artıq 1960-cı ildə malyariya tamamilə ləğv olunmuşdu, ancaq 1990-cı illərdə xəstəlik yenidən qayıdıb gəldi.

1939-cu il

“Bakinski Raboçi” 18 oktyabr nömrəsində Samur-Dəvəçi kanalının tikintisinə başlanmasından bəhs edən “Kolxozçular tikintiyə çıxmağa hazırlaşır” başlıqlı xəbər yazır. Qəzet xüsusi olaraq vurğulayır: “Samur-Dəvəçi kanalının tikintisi üçüncü beşilliyin ən əsas və nəhəng tikintisidir”.

Bu təşəbbüslə 1939-cu ilin yayında Quba rayonunun Zərqava kəndinin sakinləri çıxış edirlər, avqust ayında isə Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonlarının əməkçiləri də kanalın tikintisi təşəbbüsünə qoşulurlar. Oktyabrda Mərkəzi Komitə və Azərbaycan Xalq Komissarları Soveti Samur-Dəvəçi kanalının çəkilməsi haqqında qərar qəbul edir. 87 kilometr uzunluğunda kanal Qusar rayonunun Qullar kəndindən başlayaraq Dəvəçi rayonunun Qızılburun dəmiryol məntəqəsinədək çəkilməli idi. Torpaq işlərinin dekabrın 15-dək, hidrotexniki qurğuların 1940-cı ilin aprel ayının 28-dək başa çatdırılması nəzərdə tutulmuşdu. Əsas işçi qüvvəsi isə yerli sakinlər idi. Tikintidə gündə 40-45 min nəfər əməkçi çalışırdı. Qazıntı işlərinə birinci olaraq Qusar rayonunun əməkçiləri başlayır. Ümumi məsafə 6 rayon arasında bölünmüşdü.

Qəzet Respublikanın hər yerindən kanalın tikintisinə kömək üçün yardımların göndərildiyindən bəhs edir. Məsələn, “Şirpotreb” və “Krasnıy molot” kooperativ artellərinin kollektivləri Samur-Dəvəçi kanalının inşaatçılarına artıq 2400 külüng, kerosin üçün 3900 bidon, 150 gürz, 1430 vedrə, 1470 əlüzyuyan, 5000 bel göndərib və noyabra qədər daha 400külüng, 1000 ling çtdırılacaq. Yaxud, Bakı elektrotəmir zavodunun işçiləri Samur-Dəvəçi kanalının tikintisini 2 səyyar elektrik stansiyası ilə təchiz edəcək.

Qeyd edək ki, torpaq işləri nəzərdə tutulmuş 75 gün əvəzinə 50 gün müddətində 107 kilometr məsafədə başa çatdırılacaq, 1940-cı ilin mayında isə hidrotexniki qurğuların tikintisi yekunlaşacaqdıı. Bu mühüm tikinti vaxtından əvvəl təhvil veriləcək və kanal Stalinin adını daşıyacaqdı.

1942-ci il

Qəzet 22 oktyabr sayında qəhrəman təyyarəçi Asəf (Ağasəf) Səmədovdan bəhs edən yazı ilə çıxış edir: “Bu yaxınlarda Asəf Səmədova baş leytenant rütbəsi təqdim edilib. Həmçinin komandanlığın əmrini nümunəvi şəkildə yerinə yetirdiyinə görə o, Qırmızı Bayraq ordeni ilə təltif olunub. O, bu ordeni yaralandıqdan sonra müalicə olunduğu hospitalda alıb.Orden təqdim olunarkən Asəf Səmədov bunları deyib: “Tezliklə sağalıb xəstəxanadan çıxacağam. Yenə də alman işğalçılarını məhv etmək üçün düşmənin arxa cəbhəsinə uçacağam. Mənim zərbələrim daha da güclü olacaq!”

Ağasəf Səmədov haqda əlavə məlumatlar axtararkən bu faktlarla rastlaşdım - 1919-cu ildə anadan olub, Bakıda tramvay parkında çalışıb, Bakı aeroklubunun kursantı olub, 1938-ci ildə Yeysk hərbi dəniz aviasiyası məktəbinə göndərilib, müharibənin ilk günündən vuruşub. 1941-ci ilin avqustunda ilk dəfə Berlinə bomba atan 15 Sovet təyyarəsindən birini də Səmədov idarə edib və bu risqli əməliyyatdakı müvəffəqiyyətə görə Qırmızı Bayraq ordeni alıb.

Səmədov Leninqradın müdafiəsində iştirak edib, 1943-cü ilin iyununda isə onun ekipajı tərəfindən Pukki-Sori adası yaxınlığında su tutumu 6000 ton olan düşmən hərbi gəmisi batırılıb. Müharibə ərzində Səmədov 319 döyüş uçuşu yerinə yetirib. Bəzi məlumatlara görə, 1943-cü ilin oktyabrından 1944-cü ilin oktyabrına qədər nasistərin həbs düşərgəsində əsir olub və bu səbəbdən əvvəlcə itkin düşmüş sayılıb. 1946-cı ildə aviasiya mayoru rütbəsində ordudan tərxis olunub, Bakı zavodlarından birində dəmirçi işləyib. 2004-cü ildə 85 yaşında vəfat edib.

1944-cü il

22 oktyabrda qəzet Şirvanşahlar sarayında aparılmış arxeoloji qazıntıların maraqlı nəticələrindən yazır. “Xan sarayında tapıntılar” adlanan yazıda saray binası ilə Seyid Yəhya Bakuvinin mavzoleyi arasında aparılmış qazıntılar zamanı 12-ci əsrə aid edilən tikililər və məişət əşyalarının aşkarlandığı qeyd olunur. Tapıntılar arasında çörək sobaları, dəyirman, saxsı qabların fraqmentləri, çıraqlar, gümüş pullar tapılıb. Qəzetin yazdığına görə, bu tapıntılar Bakının tarixində yeni səhifə açır.

Qəzetin həmin il oktyabrın 20-də çap olunmuş məqalələrindən biri isə bu cür adlanır: “Göyçaylılar Ukrayna kolxozçularının çağırışını qəbul edirlər”. Yazıda deyilir: “Qızıl Ordu fonduna plandan artıq çörək vermək haqda qardaş Ukrayna kolxozçularının çağırışı Göyçayda müzakirə edilib. Molotov adına kolxozun ümumi toplantısında idarə heyətinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı Sədrəddin Zahidov Ukrayna əməkçilərinin necə əzmkarlıqla çalışdığından müfəssəl danışdı. Kolxozçular Qızıl Ordu fonduna 200 pud taxıl təhvil vermək haqda yekdil qərar qəbul etdilər”.

Bu təşəbbüsə Göyçayın digər kolxozlarında da qoşulurlar. “Qızıl Şərq” kolxozu fonda plandan əlavə 250 pud, Stalin adına kolxoz - 170 pud, “Vışka” kolxozu isə 100 pud çörək təhvil verəcək. “Qəhrəman cəbhəyə çörəklə yardım etmək - vətənpərvər kolxozçuların qərarı bu cürdür”, - qəzet əlavə edir.

1950-ci il

Qəzet 17 oktyabrda Zərdab rayonunun Xələc kəndində cinayətkar dəstənin əməllərindən və məhkəmənin hökmündən yazır. “Kolxoz mal-qarasını oğurlayanlar sərt cəzalandırılıb” məqaləsində cinayətkar bandanın başında kolxoz sədri İslamovla ferma müdiri Abdullayevin dayandığı bildirilir. Onlar mütəmadi olaraq kolxoza məxsus mal-qaranı oğurlayıblar.

Belə ki, 2 il ərzində 75 iribuynuzlu mar-qara və 148 ədəd qoyun-quzu, habelə 137 min manatlıq məhsul mənimsənilib. İslamov və Abdullayev anbar müdiri İsmayılov və başqaları ilə əlbir olaraq mal-qaranı yalandan xəstə kimi qələmə verərək satıb, öz dostlarının və qohumlarının adına yalandan əmək günləri yazıblar. Bundan əlavə, onlar kolxoz torpaqlarının qanunsuz satışı ilə də məşğul olublar. Məhkəmənin hökmü ilə İslamov və Abdullayev 20 il müddətinə həbs cəzsına məhkum olunub. Daha 3 nəfər barəsində isə əmlakları müsadirə olunmaqla 15 il həbs cəzası verilib.

Görəsən, bu şəxslərin adları bizim dövrümüzdə repressiya qurbanları siyahısını “bəzəmir” ki?!.

1960-cı il

Pambıq yığımı prosesinin işıqlandırılması qəzetin xüsusi diqqətindədir. 19 oktyabr sayında qəzet Ağcabədi rayonunda pambıq yığımının gedişatına yazı həsr edir. “Qırmızı Azərbaycan” kənd təsərrüfatı artelinin kolxozçuları artıq 1600 ton pambıq təhvil veriblər - bu, planda nəzərdə tutulandan 300 ton çoxdur. Məsələn, Qədir Əliyevn briqadası planı artıqlaması ilə yerinə yetirib- 220 ton əvəzinə 400 ton pambıq yığıb.

Elə həmin nömrəsində “Bakinski Raboçi” mədəniyyət və incəsənət adamlarının pambıqçılara dəstək üçün kolxozlara səfərlərindən yazır: “Pambıq yığımının bu qaynar günlərində yazıçılar, bəstəkarlar, rəssamlar Respublikanın müxtəlif rayonlarına yollanırlar”.

Məsələn, rəssamlar Səttar Bəhlulzadə və Asəf Cəfərov Bərdə kolxozçularının görüşünə gediblər. Qəzet Asəf Cəfərovun orada çəkdiyi rəsmləri də təqdim edir. Onlardan birində pambıqçı qız Həyat Hüseynova təsvir olunub. Həzi Aslanov adına kolxozda çalışan Həyat gündəlik planı 2-3 dəfə artıqlaması ilə yerinə yetirir.

1981-ci il

Oktyarın 22-də dərc olunmuş bir xəbər rüşvətxorluqla mübarizənin epizodlarından biri kimi çox maraqlıdır. İlk baxışda cinayət elə də böyük görünmür, ancaq məhkəmənin hökmü çox ağırdır - 11 il həbs cəzası.

Hadisə bu cür olub: Sürücü Q.Leksin sərxoş halda evdə səs-küy salıb və milis şöbəsinə aparılıb. Şöbədə həmin gün növbətçi olan baş leytenant Həsənəli Əliyev Leksinə rüşvət müqabilində sərbəst buraxılmaq təklifini edib. Leksinin yanında pul olmayıb, Əliyev özü onu evinə aparıb və Leksinin həyat yoldaşında pul alaraq (məbləğ açıqlanmır) sərxoş sürücünü azad edib.

A.Babayevin sədrlik etdiyi məhkəmə Həsənəli Əliyevi cəzasını ciddi rejimli islah-əmək koloniyasında çəkməklə 11 il müddətinə həbs cəzasına məhkum etməklə bərabər həm də onun əmlakının müsadirə olunmasına qərar verib...


Müəllif:

Oxşar xəbərlər