24 Oktyabr 2016 12:09
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

“22 həftədən 32 həftəyə qədər müddətdə doğulmuş uşaqların 70 faizində perinatal ölüm baş verir”.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

Mərkəz direktorunun sözlərinə görə, insanlar çox vaxt diri dogulmuş uşaqla yaşama qabiliyyəti olan uşağı səhv salırlar: “Qadının hamiləliyinin 22-ci həftəsindən yuxarı müddətdə və ya 500 qram çəkidə doğulan uşaqda ciftin ayrılıb-ayrılmamasından asılı olaraq qeyri-iradi hərəkət varsa, ona diri doğulmuş uşaq deyirlər.

Daha bilmirlər ki, ümumiyyətlə bu gün bütün dünyada 37 həftəsinə qədər doğulan uşaqlar vaxtından əvvəl doğulmuş uşaq sayılır.

22 həftədən 32 həftəyə qədər müddətdə doğulmuş uşaqların 70 faizində isə perinatal ölüm baş verir. Bu, Azərbaycanın rəqəmi deyil, beynəlxalq rəqəmdir”.

Sevinc Məmmədova deyir ki, qalan 30 faiz uşaqlar isə qüsurlu olurlar: “Əsasən ağciyər, göz, eşitmə qabiliyyəti və sairdə problem olur. 28 həftəlik müddətdə doğulan 1 kiloluq uşaqda beyin inkişaf etmir, göz görmür, qulaq eşitmir. Biz onları müalicə etməyə başlayırıq, amma müalicə zamanı qaraciyərdə, böyrəklərdə problem yaranır. Bu cür uşaqların özünüqoruma qabiliyyəti də yoxdur.

İmmunitet 1500 qramlıq uşaqlarda formalaşır. Məcbur qalıb o uşağı sağalana kimi küvezdə saxlanılır”.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası sədrinin sözlərinə görə, bu cür uşaqların müalicəsi çox çətindir: “Elə uşaq var, 800 qramdır, amma sağlam anadan doğulub və o, sağalır. Elə uşaq da var, 1500 qramlıqdır, amma problemli anadan doğulub. Bu uşaqlar infeksiyadan belə özlərini qoruya, bədən temperaturunu saxlaya bilmirlər. Bu uşaqları idarə etmək çox çətindir.

Sağlam uşaq 3 aylıq olsa belə, harası ağrısa səs çıxarır, başa düşürsən ki, problemi var, amma bu cür uşaqlar 8 aya çatanda da gözlərindən yaş gəlsə belə, hisləri olmur. Yarımçıq doğulan uşaqların müalicəsi asan deyil”.

İlhamə ƏBÜLFƏT


Müəllif: