2 Noyabr 2016 17:35
4 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qulu Məhərrəmlinin jurnalistikaya dair kitablarıyla da tanışam, özüylə tədbirlərdə də çox qarşılaşmışıq. Bir müəllim, dilçi kimi də yanına qaçmışıq, geniş müsahibəmiz də olub, ayaqüstü söhbətlərimiz də. Ancaq hamısının mövzusu media, ictimai məsələlər olub.

Bu dəfə isə onunla daha səmimi söhbət etmək istədik. Özü də doğum günü ovqatında... Düzdür, Qulu müəllim sər verib, sirr vermək istəmirdi, şəxsi həyatı barədə elə danışırdı ki, elə bil jurnalistikanın qızıl qaydalarından söz açır. Amma bayırda yağış yağan bir vaxtda söhbətləşdiyimiz isti otağı havalandırmaq üçün arabir pəncərəni açdığı kimi, müsahibəmiz zamanı da arabir ürəyinin pəncərəsini açdığı olurdu. Biz də o pəncərədən az da olsa, onun dünyasına boylana bildik.

–Qulu müəllim, mən ilk dəfə yaşı 60-ı ötən bir kişiylə açıq danışmaq istəyirəm. Bilmək istəyirəm ki, bu yaşda bir kişi özünü necə hiss edir, o, əlini hər şeydən üzüb, yoxsa “nə qədər qoca olsa da, dəyər min cavana”?

–Mənə elə gəlir, insan öz yaşını hiss eləmir. İnsan o yaşı hiss eləsə, ona uyğunlaşsa, onun üçün çox çətin olar. Bizim həmkarlardan birinin yaşı 50-yə yaxınlaşanda narahat olurdu, deyirdi bəzi 50 yaşlılara baxanda narahatlıq keçirirəm, amma sizə baxanda özümü o qədər də yaşlı hiss eləmirəm. Yəqin bu, həyat enerjisiylə, ətraf mühitlə bağlı bir məsələdir. Bunu bioloji baxımdan izah etmək çətindir, çünki insanın yaşlanmağı, qan damarlarının vəziyyəti, beynin iş qabiliyyəti, insanın özünün fiziki göstəriciləri yaşda əks olunur.

Amma insanı cavan saxlayan və gənc göstərən onun ruhu, düşüncəsidir. Stalinə sual verirlər ki, insan nə vaxt yaşlanır, deyir zamanı hiss eləməyəndə. Mənim də işim elə gətirib ki, televiziya həyatı, pedaqoji fəaliyyətim, jurnalistika mühiti, istər-istəməz onun özünün dinamizmi həyatıma təsir eləyir. Görünür, xarakter də burda rol oynayır. Amma ən əsası ruhun vəziyyəti ilə bağlıdır. İnsan içində ölübsə, istəyir 30 yaşı olsun, istəyir 50, yenə ölüvay görünəcək.

–Amma bizim cəmiyyətdə ruhun yaşına uyğun yaşamaq bir az çətindir. Çünki insana onun fizioloji yaşına, statusuna uyğun qiymət verirlər. Bu mənada siz ruhunuzun ehtiyacı olduğu kimi yaşaya bilirsinizmi? Qorxmursunuz ki, deyərlər, buna bax 60 yaşı var, elədiyinə bax...

–Cəmiyyət arasındasansa, müəyyən çərçivəni qəbul eləməlisən. Hardasa şüuraltı yaşın ölçüləriylə hesablaşmalısan. Qadağalar olmalıdır, bu, təbiidir. Önəmli olan özün üçün belə sərhədlər qoymamağındır. Mən etik məsələləri nəzərdə tutmuram. Şortiklə küçəyə çıxanda sənə başqa cür baxırlar... Təbii ki, yaşadığın cəmiyyətin qaydalarını nəzərə almalısan. Eyni zamanda onu əsas gətirib bütün hərəkətlərinə məhdudiyyət qoymaq olmaz.

Deməlisən də, gülməlisən də, məclislərdə də olmalısan... Özünə uyğun çevrən olmalıdır. Xoşbəxtlikdən məndə həmişə belə bir çevrə olub. İkincisi, çox vaxt gənclərin əhatəsindəyəm. Onlarla çox vaxt ruhi vəziyyətimiz uyğun gəlir. Dərsdə tələbələrləyəm, onların ritmiylə müzakirələr aparıram.

Mentaliteti də, yaşı da, qadağaları da nəzərə almalısan. Amma əsas odur ki, bütün bu qadağaların içində həm də ruhunu diri saxlayasan. Bu, çətindir, amma mən nə dediyimi yaxşı bilirəm.

–Qulu müəllim, deyirsiniz ki, yaşı, qadağaları, mental qaydaları nəzərə almalıyıq. Belə çətindir axı... Olmaz ki, nəzərə almayaq? Siz də belə deyirsinizsə, onda biz gənclər bu “mental div”lə mübarizədə kimdən mədəd umaq?

–Yox, nəzərə almamaq olmaz. Nəyi nəzərə almalıyıq, nəyi yox – məsələ budur. Mentatlitetdən gələn nə pisdir? Qonşu oğluna və ya qızına yaxşı tərbiyə vermir, deyir əgər oğurluq, pozğunluq edirsənsə, elə et ki, bunu heç kim görməsin. Bu, böyük riyakarlıqdır. Sən özün-özünü tərbiyə eləməlisən, bu qaydalar olmasa cəmiyyətdə yaşamaq mümkünsüzdür.

Amma mən demirəm ki, biz tamamilə o qadağaların əsarəti altında yaşayaq. Mən nadan sürüsünü hesaba almıram, sadəcə ənənədən gələn bəzi şeyləri nəzərdə tuturam. Biz həmişə bu barədə müzakirələr aparırıq: nəyə görə küçədə çılpaq gəzmək olmaz? Bu, qəbul edilmiş qaydadır. Tutaq ki, idman geyimində dərsə gələ bilməzsən, bunlar adi etiketlərdir. Mən bunları nəzərdə tuturam.

–Söhbət dərsə idman geyimində gəlməkdən getmir, Qulu müəllim. İctimai qınaq imkan verirmi ki, siz şortiklə şəhərdə rahat gəzəsiniz?

–Təbii, şortik geyinib kütləvi tədbirə gedə bilmərəm, amma şəhərdə şortiklə gəzirəm, heç bir problem yoxdur. Şortik təkcə dənizə gedəndə geyinmək üçün deyil, yayda mənə onunla gəzmək rahatdırsa, o cür edirəm. Bizdə açıq-saçıqlıq, qaydalar əleyhinə olmaq niyə qınaq obyektinə çevrilir? Çünki bunu çox nümayişkaranə şəkildə edirlər. Yəni baxın mən bu qaydaya qarşı çıxıram. Yanlışlıq burdadır. Bunu üsyankarcasına etmək olmaz. Üsyankarlığı Sabir edib, Mirzə Cəlil edib. Zərdabi müsəlman cəmiyyətində yaşamağına baxmayaraq, yoldaşını da vururdu qoltuğuna, teatra, ictimai yerlərə gedirdi. Burda cəmiyyətə yox, nadanlığa, bəsit dünyagörüşünə qarşı çıxmaq var. Qaydalara görə, sən qabaqda getməliydin, arvad da sənin arxanca gəlməliydi. Bu nadanlığı qəbul etmək olmazdı. Bütövlükdə bir çox qaydalar var ki, mən onları mənasız hesab eləyirəm.

–Hansılardır?

–Məsələn, deyirlər bunu demək olmaz, ayıbdır. Bunu eləmək olmaz, pis baxarlar. Mentaliteti nə geriyə çəkir? Sən müəllimsənsə, müəllimin qüsurunu deməməlisən. Bu, sənin yaxın dostundur, ayıbdır. Bu, yanlış yanaşmadır. Bizi geriyə atan həmin o lazımsız qadağalardır.

–Ölkədən gedənlərlə bağlı bir yazı yazmışdınız. Məsələ burasındadır ki, o gedənləri sıxan təkcə sosial vəziyyət deyil, həmin o qınayıcı baxışlar, qadağalardır. Adamlar sərbəst yaşamaq, sevgilisiylə rahat gəzmək istəyir...

–Şübhəsiz, hər kəs öz səbəbindən gedir. Eləsi var ki, işi də var, pulu da, amma azadlığı, sərbəstliyi yoxdur. Daxilən elə formalaşıb ki, bu cəmiyyətin qaydaları onu məngənə kimi sıxır. Burda yaşaya bilmir. Mən xaricə gedəndə görürəm, azərbaycanlı Londonda çox rahat yaşayır, komplekslərdən azaddır. Bizim cəmiyyət yarımxəstə vəziyyətindədir. Lazım olanı qınamır, ikinci-üçüncü dərəcəli şeyləri qınayır. Bu da dünyagörüşlə, təhsillə, səviyyəylə bağlıdır.

Bizim cəmiyyət son illər durğunluq halındadır. Dünyada hansı proseslər gedir?.. Biz o proseslərdən ayrı düşmüşük. Təhsil də almışıq, amma məlum olur ki, təhsil heç də hər şeyi həll eləmir. Yəni ümumi dünyanın qəbul etdiyi qaydalar var. Dünyanın ürəyi hansı ritmlə döyünürsə, biz ona uyğunlaşmalıyıq. Avropa deyəndə kostyum, qalstuk yox, beyin, düşüncə nəzərdə tutulur. Biz o düşüncə tərzindən geri qalmışıq. Bura doğru-dürüst informasiya çatmırsa, dünyadan ayrılmış vəziyyətdəsən. Ona görə də mən özümü burda əyalətdəki kimi hiss eləyirəm.

–Bəs ailənizdə vəziyyət necədir, dünyadan ayrı düşməyib ki? Qaydalar, qadağalar var, yoxsa?

–Çox böyük ailəm yoxdur. İki qızım var, onlar da ailə qurublar. Yoldaşım media adamıdır, dövlət qulluğunda işləyir. İşdən ayrılıb nəvələrinə qulluq edir, yazıb-pozur. Aktiv həyat sürür. Bizdə davranışla bağlı nəyisə xatırlatmağa ehtiyac yoxdur. Buna görə xüsusi qaydalar müəyyənləşdirməmişik. Hərdən vaxt azlığından şikayətlər olur ki, tədbirlərə birgə gedə bilmirik. Yəni məişət səviyyəsində narazılıqlar olur. Amma ciddi problemlərimiz yoxdur.

–Özünüz sevib-seçib evlənmisiniz, yoxsa o vaxt sizi də əmiqızı, xalaqızıyla evləndiriblər?

–Hə, özüm seçmişəm, Zemfira xanım tələbə yoldaşım olub. İndi bir səhvdir, olub da... (Gülür). Təbii ki, qohumlar da dəstəkləyib bu evliliyi. Deyirdilər ki, filankəsin oğlu şəhərdən qız alıb. Yəni normal bir ailənin qızıdır, hər şey yaxşıdır. Mənə elə gəlir ki, onun da məndən elə bir narazılığı yoxdur.

–Sizi o qadına aşiq edən nə olmuşdu?

–Bu, çox incə məsələdir. Nə aşiq etmişdisə, elə həmin keyfiyyətlər yenə qalır. Ciddi, ağıllı görünürdü mənə, davranışları xoşuma gəlirdi. Beləcə münasibətlər yarandı, ailə qurduq, indi də uşaqlar, nəvələr...

–Qulu müəllim, adam ürəyiylə sevir də... Ürəyə də o hayda ciddiyyət, ağıllı görünüş lazım olmur axı. Yəni bir az səmimi olaq, nə idi o vaxt ürəyinizi tərpədən?

–Sevən adam gələcək həyat yoldaşını da təsəvvür edir. Düzdür, duyğusuz bunlar mümkün deyil. Hər şey hissdən başlayır. Mən onu qəbul imtahanları vaxtı görmüşdüm, onda da çox romantik idik. O romantika tələbəlikdə də davam edirdi. O qız o vaxtdan yadımda qalmışdı, sonra dərs başlayanda gördüm burdadır. Fikirləşdim ki, məsələ başqa cür olmalıdır... 2-ci kursda məsələni qarşılıqlı razılaşma əsasında yoluna qoyduq...

–Arxasınca çox gedib-gəlmədiniz ki?

– Belə də... Qızların adətidir naz eləmək. Yüngülvari nazlanma oldu. Ziyalı ailədəndir, valideynləri də çox xoşuma gəlmişdi. Bu məsələlərdə çox dərinə gedəndə adam söz tapa bilmir ey...

Bəzən ailədə balans pozulur, ya kişi həddən artıq aktiv olur, ya qadının istəkləri çox olur. Amma harmoniya çox vacibdir. Bizdə qadınlar həddən artıq azad olmaq istəklərini dilə gətirirlər. Bəlkə də, ruhən elə deyillər, amma bunu çox qabardırlar. O azadlığa can atmağın özündə bir naqislik görürəm mən. Bir şeyi çox vurğulananda onun özü məndə şübhə doğurur. Ailə əvvəl məcraya sığmır, amma tədricən prosesin özündə hisslər yerini ağıla verir, onda artıq hər şey öz yerini alır. Azərbaycanlı ailələrdə problemlərin çoxu qarşılıqlı anlaşmanın olmamasıyla bağlıdır. Ya qadın həddən artıq aktiv olmağa çalışır, ya da kişi feodal düşüncədən irəli gələn üstünlüklər əldə etmək istəyir.

Kişi qadını, qadın kişini qiymətləndirmirsə, səmimiyyət yoxa çıxır. Səmimiyyət olmayan ailədə də problemlər yaranır. Günlərin birində çox ciddi hadisələr baş verir. Eşidirsən ki, adamın 50 yaşı var, arvadından boşanır. Ola bilər ki, inkişafın xüsusi bir mərhələsi olur – arvad boşamaq mərhələsi və ya kişidən boşanmaq mərhələsi...

–Belə çıxır ki, siz 50 yaşında boşanmağa normal baxmırsınız? Ola bilər, artıq bir yerdə yaşaya bilmirlər və boşanırlar?..

–Yox, insanın ailədə heç bir davranışı məni təəccübləndirmir. Mən buna normal baxıram. Bəzən ailədə uzun illər qadın kişiyə, kişi də qadına əhəmiyyət vermir, sadəcə birgə həyat sürürlər, uşaqları böyüdürlər. Məişət həmkarlığına gedirlər. Sonra müəyyən yaş gəlir, bir-birlərinin kəm-kəsirini görür və yollarını ayırırlar. Mən buna heyrətlənmirəm. Ümumiyyətlə, insanın heç bir hərəkətinə təəccüblənmək olmaz, axı o, canlıdır, hüceyrələrdən formalaşıb, o hüceyrələr də müxtəlif xasiyyətlidir. İstəyə, məkana uyğun insan dəyişə bilir. Amma xaraktersizliyə, ağılsızlığa təəccüblənirəm.

Bir ara televiziyada ər arvadı, arvad əri ifşa edirdi. Bunun bir tərəfi yaxşıdır ki, bizim Azərbaycan ailəsi haqqında uydurduğumuz mif dağılır. Məlum olur ki, bir çox sahələrdə də belədir, biz yalançı miflər düzəldirik. Kişilər Babək qeyrətlidir, qadınlar Həcər cəsarətlidir...

–Əslində, nəyə lazımdır hamının bu qeyrətdə, bu cəsarətdə olması?!

–Hə də... Həyatdır. Əlbəttə, çalışmalıyıq ki, ailə uzunömürlü olsun, birdən-birə o bağları qırmaq adamda təəssüf doğurur.

–Elə də olur ki, artıq evli ola-ola başqa bir seçim edirsən...

–Olur, o da olur. Bu cür situasiyalar görürsən, eşidirsən. İnsan daim nəyə can atır? Ruhi azadlığa, hisslərin təmin olunmasına. Əlbəttə, bunu evdə, ailədə tapmayanda başqa ünvan axtarırsan. Ona görə insanın özü bu şəraiti yaratmalıdır ki, mənəvi, ruhi azadlıq ailədə olsun, sən evinə, həyat yoldaşının, uşaqlarının yanına can atasan. Ailənin ayrıca cazibəsi olmalıdır.

–Neçə ildir evlisiniz, Qulu müəllim?

–1979-cu ildə evlənmişəm. Neçə il edir?

– 37 il... 37 ildə həmişə evə, həyat yoldaşınızın yanına can atmısınız?..

–Mən namuslu adamam, xahiş eləyirəm mənə belə suallar verməyin... (Gülür).

–İnsansınız da, ola bilər...

–Əlbəttə... Amma 37 il mənə uzun vaxt kimi görünmür, fikirləşəndə adam elə bilir ki, dünən evlənib. İstər kişi olsun, istər qadın, özünü tərifləyəndə mənə xoş gəlmir. İndi mən durub desəm ki, həmişə arvadın, ailənin yanına can atmışam, tam o cür deyil. Amma desəm ki, yox elə olmayıb, o da doğru olmaz. Nəsə, sualların qəlizdi...

–Sadəcə, məni narahat eləyən odur ki, evlilik qadın və kişinin çiyninə mentallığa bağlı yük qoymamalıdır. 50 il eyni qadınla yaşayırsansa, bunu özün istədiyin üçün yaşamalısan. El-aləm nə deyər fikrilə yox... Həm də insana nəfəslik həmişə lazımdır, elə deyilmi?

–Nəfəslik lazımdır deyəndə, həmişə eyni qadının yanında bitib-qalmırıq ki... İş var, səfərlər var. Bu, ona bənzəyir, bir adama deyirsən ki, sən doğrudan da əxlaqlı adamsan? Heç kim özünü tərifləmir axı. Mənə elə gəlir ki, bütün hallarda insanın hissləri var, amma bunun üçün sən ailəni... necə deyim ki, həyat yoldaşım inciməsin?

–Bəlkə, sözünüzü rahat deyəsiniz, heç həyat yoldaşınız bu müsahibəni oxumasın?

–Qoy bolşevik cavab verim: Mən hesab eləyirəm ki, insan ailəsinə bağlı olmalıdır.

–Bir jurnalist olaraq istəyirəm ki, siz çəkinmədən danışasınız, hisslərinizi bölüşəsiniz, amma oxuyanda həyat yoldaşınız da inciməsin...

–Yox, mənim həyat yoldaşım başadüşən qadındır. Tədbirdə-filan cavan qızlar mənim başıma toplaşır, kişilər də atmaca atır ki, Zemfira xanım, görürsüz də Qulu neynir... Onun belə halda çox yaxşı cavabı var, deyir mən onu bu xalqa bağışlamışam.

–Elə onu soruşacaqdım ki, sosial şəbəkələrdə də xanımlarla səmimi fotolarınız olur, bir-birinizə xoş sözlər yazırsınız. Xanımınız qısqanmır?

–O, belə şeylərə çox normal baxır. Düzdür, arabir hirslənəndə bunları yüngülvari nəzərimə çatdırır ki, ağ eləmə. Yəni bu, dediyimiz ölçü məsələsidir. Davranışlarda qırmızı xətt anlayışını gözləyəsən. Qadın da, kişi də elə etməlidir ki, həyat yoldaşı onun hər hansı davranışından qıcıqlanmasın.

–Ailəyə də, cəmiyyətə də münasibət insanın doğulub, boya-başa çatdığın ailədən gəlir. Bu mənada necə bir ailədə böyümüsünüz, necə uşaqlıq keçirmisiniz?

–Zəngin və parlaq uşaqlığım olub. Zəngilanda doğulmuşam, 5 yaşımda atam rəhmətə gedib, bizi internat məktəbinə qoyublar. Yəni mən o yaşdan artıq ictimai qaydalarla yaşamalı olmuşam. Kollektiv mənafeni, sözün yerini, yaxşılığı, şərə qarşı dayanmağı, zəifin tərəfini saxlamağı, zalıma qarşı çıxmağı orda öyrənmişəm. İnternat məktəbdə oxumağım xarakterimə, həyatıma çox ciddi təsir edib. Bizim orda güclü müəllimlərimiz olub, onlar uşaq evlərinə tərbiyəçilik edirdilər. Bəzi yazılmış-yazılmamış qanunları da bura gətirirdilər. Məsələn, gördüyün bir şeyi demək olmaz, oğurluq eləmək olmaz, döyülənə kömək eləməlisən, sənə oğru kimi baxırlarsa mütləq o adamları cəzalandırmalısan...

Bir dəfə başqa rayonlardan bizim oxuduğumuz məktəbdəki pioner düşərgəsinə uşaqlar gəlmişdi. Özləriylə ərzaq gətirmişdilər, biz tər tökə-tökə o ərzağı boşaltdıq. Beş nəfəriydik, bizi sıraya düzüb üstümüzü axtardılar. Yəni birdən biz ordan konfet, peçenye götürmüş olarıq. Sarsılmışdıq bundan... Gedib müəllimimizə dedik ki, biz bu anbarı dağıtmalıyıq, çünki təhqir olunmuşuq. Heysiyyətimizi tapdalayanları cəzalandırmalıyıq. Müəllim nəsihət verdi, sonra dedi ki, necə istəyirsiniz eləyin. Orda elə həngamə qopardıq ki, bizdən üzr istədilər. Anladılar ki, heç bir uşağın heysiyyətini tapdalamaq olmaz. İnsan özünün ləyaqətini qorumursa, o, çox yararsız adamdır. Haqsızlığa qarşı çıxmaq lazımdır.

Mən 5-də, 6-da oxuyanda Şuşaya, İsa bulağına gedəndə orda artıq pul qazanırdım. Çör-çöp yığırdıq, ora gəlib kabab bişirmək istəyən adamlara satırdıq. Bir manat pul verirdilər. 3 manat qazananda böyük hadisə sayılırdı. Yəni müstəqil yaşamağı öyrədib uşaqlıq bizə.

–Valideynlərdən birini erkən yaşda itirən adamlar həmişə bu barədə tamam başqa cür danışır. Yəqin o itkinin ağrısı sizdən də yan keçməyib və oğlan uşağı kimi atanızın sağ olmasını arzulamısız...

–Atamı xatırlayıram, çox cəsur adam idi, fiziki cəhətdən güclüydü. Əmilərim danışır ki, dava düşəndə atam gələn kimi hamı özünü yığışdırırmış. Çox işləyirdi, ot biçmək, heyvan saxlamaq...

Əlbəttə, atanın olması çox yaxşıdı. Amma mənim yaxşı əmilərim olub. Xüsusən Azad əmim bizə çox yaxın idi, daim qayğı göstərirdi. Amma maddi problemlərə, oxumağımıza görə bizi internata qoydular.

Anam da çox zəhmətkeş idi, dörd oğul böyütdü, cəfakeşlik etdi. Anama yazığım gəlirdi ki, 32 yaşından dul qalıb, bütün həyatını bizə həsr eləyib. Valideynlərin olması iki qoşa qanadla uçmaq deməkdir. Amma həyat belə gətirib ki, onlardan biri olmayanda həyatını ona uyğun yaşayırsan. Uşaqların atası gəlib məktəbdən aparanda mən çox qüssələnmirdim. Bizim də əmimiz gələndə sevinirdik...

–Qulu müəllim, söhbətimiz boyu elə hiss elədim ki, sizin kitablarınızı oxuyuram: elə olmalıdır, belə olmalıdır, qayda-qanun... Gəncliyinizdən danışın, əyləncə anlayışınızdan danışın. Məsələn, içib küçədə gecələdiyiniz olubmu?

–Mən tələbə yataqxanasında qalırdım, bununla bağlı bizim özümüzə xas tədbirlərimiz olurdu. Onda tələbə gecələri keçirilirdi. İçirdik də, qızlara söz də atırdıq, oğlanlarla da şənlənirdik. Təbii ki, səni təsir altına salmaq istəyənlər olur. Təkcə tələbəlikdə yox, işlədiyim yerdə. İnsan iradə zəifliyindən çox şey itirə bilir.

Özüm uşaqlıqda dalaşqan olmuşam, dinənin ağzından vurmuşam. Özü də bir bicliyim vardı, tez burnundan vururdum ki, burun tez qanayır. İstəyir kimsə mənə beş yüz yumruq vursun, birinin burnunu qanatmışamsa, deyəcəklər ki, Qulu filankəsi döydü. Döyüldüyüm də az olmayıb...

–Qulu müəllim, bu mətbuat aləmi tünlükdür, dost-tanış çoxdur. Ad qoya bilmədiyimiz adamlara da dost deməli oluruq. Amma həqiqət budur ki, hamısı dost deyil. Bu mənada işdən-gücdən uzaqlaşıb dərdləşmək, içmək istədiyiniz qəlb dostlarınız kimlərdir?

–Mənim ilk növbədə uşaqlıq, məktəb dostlarım var, qohumlarım arasından bir-iki yaxşı dostum var. Ancaq peşəylə bağlı oturub-durduğumuz adamlar var ki, uzun illərdir bir yerdəyik. Arif Əliyevlə, Elçin Şıxlıyla illərin dostuyuq. Şərait bizi yaxınlaşdırıb və biz ondan bəri bir yerdəyik. Düşüncəmiz, xarakterimiz üst-üstə düşür. Dost mühiti olmasa yaşamaq çox çətin olar. Azərbaycan reallığında dost təcili yardım maşını kimi bir şeydir. Elə şeylər var ki, sən onu ailədə deyə bilmirsən, dostlarla bölüşürsən.

–Münasibətlərdə necə ki duz-çörəyin xüsusi yeri var, kişilər arasında da içkinin elə bir yeri var. Yəni hər adamla içilmir də yəqin ki... Sizin üçün necədir?

–Adamlara elə gəlir ki, görüşdünsə, mütləq oturub içməlisən. Düzdür, nadir hallarda dostlarla içmədiyimiz vaxtlar da olur. Havadan da asılı olur. İstilərdə çox araq içmirik, onda pivə içirik... Yemək-içmək çox vaxt bəhanədi. Hava soyuyan kimi biz bir-birimizi axtarıb tapırıq ki, hava tələb edir. Bir şeyə təəssüf eləyirəm ki, Azərbaycan kişiləri çox araq içir. Onları görəndə heyrətlənirəm ki, adam bu qədər araq içə bilər? Mənim arağa xüsusi bağlılığım yoxdur, amma o qədər stress olur ki, içməsən olmur.

–Necə olursunuz içəndə, kömək eləyir?

–Yaxşı oluram... Çox vaxt maşınla olduğuma görə içmirəm. Amma içəndə də necə lazımdır, elə içirəm. Ölçümü bilirəm.

–Qaydaları gözləyirsiniz, bildim...

–Qaydasız iş yoxdur. Bircə şeydə qayda yoxdur, onu da deyə bilmərəm. Qayda həmişə sənin xeyrinədir.

–Bizi biabır olmaqdan qoruyur, hə?

–Elə adamlar var ki, onlarla bir yerdə oturmuram. Otursam da, çalışıram ki, o məclisdən tez gedim. Çünki bilirəm ki, 15 dəqiqədən sonra içib özünü apara bilməyəcək. Bizim çevrə o səviyyədədir ki, orda hər şey gözəldir, adamlar da, danışdıqları da... Kənardan kimsə bizim söhbətimizi dinləsə, deyər bunlar nə yaxşı adamlardır belə, ancaq işıqlı şeylərdən danışırlar. Necə ürəkdən istəyirlər ki, Azərbaycanda hər şey yaxşı olsun.

–Yaxşı, ad gününüzü necə keçirəcəksiniz? Hər dəfə doğum gününüzdə ovqatınız dəyişirmi?

–Düzü, heç vaxt ad günümü xüsusi qeyd etməmişəm. 60 yaşım olanda qeyd elədim, gördüm çox yaxşı şeymiş. Ona qədər heç evdə də qoymamışam ad günümü keçirsinlər. Yəni yaxşı yemək bişiriblər, deyiblər, böyük oğlan olsan, sağ ol, belə...

Sənin ömründən bir il gedir, düşünürüsən. Həyatına bir serial kimi baxırsan, uşaqlığın keçir göz önündən, ağrılı-acılı günləri yada salırsan. Hansısa nəticəyə gəlmək üçün yox, sadəcə xatırlamaq üçün düşünürsən. İçində suallar yaranır, cavablayırsan. Götür-qoy eləyirsən ki, belə ola bilərdi. Amma hansı sahədəsənsə, ora bir fayda verə bilmisənsə, səni bir az rahatlaşdırır, təsəlli verir. Boyumuzdan yüksəyə tullana bilmirik. Yəni mənim gücüm bu qədərdi, mənə verilən meydan bu olub, bu meydanda da ancaq bunları eləyə bilmişəm...

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər