Elektrik enerjisinə görə gələn bildirişlərdəki məbləğlərdən vətəndaşların şübhə və narazılıqları ilə bağlı yazı hazırlamışdıq. Həmin məbləğlərin ödənişində problem olmayacaq ki? İşıqpulu hansı müddətə ödənməlidir?
Teleqraf.com bu mövzuda sorğu aparıb və ekspert rəyi öyrənib.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, bu ay əvvəlkilərlə müqayisədə elektrik enerjisinin görə yüksək göstərici olan bildiriş alıb: “Əvvəllər aya 100 manat ödəyirdim, bu ay isə 258,92 manat ödəməli olacam. Ödəməyə məcburam, əks təqdirdə işığım kəsilə bilər”.
Bölgədə yaşayan jurnalist Şahnəzər Bəşirov deyir ki, bu ay elektrik enerjisinə görə 311,96 manat ödəməlidir: “Kənd evlərini qızdırmaq çətindir, elektrik sobasından istifadə edirik. Ona görə də bildirişdəki rəqəm böyükdür. Həmin məbləği ödəyəcəm”.
Paytaxt sakini Nurlanə Əhədovaya isə 128 manatlıq bildiriş gəlib: “Əvvəllər 90 manat gəlirdi. Ödəməkdən imtina eləmək fikrim yoxdur”.
Bəs vətəndaş işıqpulunu hansı müddətə ödəməlidir?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, istehlakçıya elektrik enerjisinə görə bildiriş təqdim olunandan 1 ay sonra həmin pul ödənilməsə, ona xəbərdarlıq edilməlidir: “Bir ay müddətində vətəndaşa xəbərdarlıq edilir. Həmin müddətdə borc ödənilməsə, elektrik enerjisi kəsilə bilər.
“Azərişıq” ASC isə bildirişdə abonentə 10 günlük xəbərdarlıq müddəti təyin edir ki, bu da qanunsuzdur. Bu yaxınlarda bizim bir tanışın elektrik enerjisini xəbərdarlıq etmədən kəsmişdilər. Nazirlər Kabinetinin qərarını xatırlatdıq və elektrik enerjisini bərpa etdilər”.
Hüquqşünas deyir ki, Tarif Şurasının yeni qaydalarına görə, istehlakçılar 300 kilovatt-saat (kvts) 7 qəpikdən hesablanır. Bu limit bir ay üçün nəzərdə tutulub. “Azərişıq” ASC isə qaydaları nəzərə almır: “Yəni vətəndaşa aylıq elektrik enerji bildirişi göndərmirlər. 1 ay 10 gündən sonra sayğacların sərfiyyatı araşdırır və bildiriş göndərilir. Təbii ki, 40 günə vətəndaş deyilən 300 kvts-ı keçir. O zaman vətəndaş üçün artıq enerji sərfiyyatını 11 qəpikdən hesablanır. Bu da qanun pozuntusudur”.
İlhamə ƏBÜLFƏT