Prezident İlham Əliyev son günlər Davosda bir sıra görüşlər keçirdi. Bu görüşlərdən biri də İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə oldu. Görüş zamanı Prezident İlham Əliyev Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırlatdı. Məsud Bərzani buna görə dövlət başçısına minnətdarlığını bildirərək, atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğuladı.
Maraqlıdır, bəs, Bərzaninin atası kimdir? O, Bakıda neçənci illərdə olub? Zənnimizcə, görüşlə bağlı informasiya ilə tanış olan hər bir şəxs bu barədə düşünür. Teleqraf.com bununla bağlı qısa tarixi araşdırma aparmaq qərarına gəlib.
Məsud Bərzaninin atası Mustafa Bərzani 1903-cü ildə o vaxtlar Osmanlı imperiyasına məxsus, hazırda İraq Kürdüstanının Bərzan qəsəbəsində dünyaya gəlib. Hazırda həmin qəsəbə Ərbil vilayətinə tabedir. Mustafa Bərzani İraq Kürdüstanında milli-azadlıq hərəkatının lideri və görkəmli kürd hərbi və siyasi xadimi hesab olunur. Mustafa Bərzani hərbi əməliyyatlarda 16 yaşı olandan, 1919-cu ildən iştirak etməyə başlayıb. Belə ki, həmin il o, hərbi dəstələrin birinin başçısı qismində ingilislərə qarşı mübarizə aparan Mahmud Bərzandciyə kömək edib.
Mustafa Bərzani ilk dəfə “Bərzan üsyanı” (1931-32-ci illər) zamanı sərkərdə kimi fərqlənib. Vaci dərəsində İraq dəstələrini darmadağın edib. Üsyanın yatırılmasından sonra o, Türkiyəyə mühacirət edib. Daha sonra amnistiyaya düşüb. Ancaq söz verilməsinə baxmayaraq, qardaşı Şeyx Əhməd və bütün ailələrlə birgə İraqın cənubuna, daha sonra Süleymaniyyəyə sürgün olunur. Burda onu öldürməyə çalışırlar. Belə ki, Mosulun qubernatoru onu fincanına zəhər atılmış qəhvəyə qonaq etməyə cəhd göstərir.
1943-1945-ci illər üsyanı və Mehabad Respublikası
Bərzani 1943-cü ildə “Xiva” (“Ümid”) milli təşkilatının köməyi ilə Süleymaniyədən İrana qaçmağa müvəffəq olur. Orda dəstələr toplayır, Bərzana daxil olur və üsyana başlayır. Vilayətin bütün polis postlarını tərksilah edir. İngilislərin İraq hakimiyyətinə təzyiqi nəticəsində İraq hakimiyyəti ilə üsyançılar arasında Bərzan muxtariyyatının yaradılması şərti ilə sülh əldə olunur. 1945-ci ilin avqustunda ingilis tankları və aviasiyasının köməyi ilə döyüşlər bərpa olunur və Bərzani ilk uğurdan sonra Bərzanı tərk etməyə məcbur olur. Onun təmsil etdiyi Bərzan tayfasından olan 10 min nəfər, o cümlədən 2 min silahlı kişi İranın sovet işğalı altında olan hissəsinə gedir. Tezliklə orda Mehabad Respublikasının yaradıldığını elan edir. Bərzani yeni respublikanın silahlı qüvvələrinin ali baş komandanı təyin edilir və general rütbəsi alır. 1946-cı ilin avqustun 16-da Bərzani qiyabi olaraq yeni yaradılmış Kürdüstan Demokratik Partiyasının sədri seçilir.
SSRİ-yə hərbi səfər
Mehabad Respublikasının 1946-cı ilin dekabrında süquta uğramasından sonra Bərzani və bərzanilər çətin vəziyyətlə üzləşirlər. 1947-ci ilin yazında qərar qəbul olunur: bərzani tayfası İraqa qayıtsın, Bərzani özü isə könüllülərlə birgə SSRİ sərhədini yarıb keçməyə cəhd etsin. Bərzani 500 nəfərlik dəstə toplayır, Bərzandan Türkiyə və İran ərazisindən keçməklə yola düşür, Makuda İran qoşunları ilə qarşı-qarşıya gəlir. Onları məğlub edir və Araz çayını keçməklə Naxçıvana, başqa sözlə, SSRİ-yə daxil olur. Bu olay 1947-ci ilin iyunun 17-18-də baş verir.
Sovet kəşfiyyatçısı, SSRİ DİN-in general-leytenantı Pavel Sudoplatovun xatirələri: “Bərzaninin sərhədi yarıb keçən dəstəsində təxminən 2 minədək hərbçi, bir o qədər də onların ailə üzvləri var idi. SSRİ-də bərzanilərə Azərbaycan ərazisində bir müddət hərbi təlim keçdilər. Sonra isə onları Özbəkistana sürgün etdilər. Sovet hakimiyyəti əvvəlcə kürdləri tərksilah etdi və onları düşərgədə yerləşdirdi. 1947-ci ildə dövlət təhlükəsizlik naziri, general-polkovnik Viktor Abakumov mənə Bərzani ilə danışıq aparmağa dair əmr verdi. Nazir bildirdi ki, mən Bərzaniyə və onunla birlikdə gələnlərə Özbəkistanın Daşkəndə yaxın kənd rayonlarının birində müvəqqəti yerləşdirməni təklif etməliyəm. Sovet tərəfi Bərzani və onun zabitlərinin bizim hərbi məktəblərdə və akademiyalarda xüsusi təlim keçməsinə razılaşdı. Mən həmçinin onların Mərkəzi Asiyada yerləşdirlmələrinin müvəqqəti olmasına zamin durdum və bildirdim ki, onların Kürdüstana qayıtmaları üçün hələlik şərait yetişməyib”.
İraqa dönüş
Bərzani İraqa bir də 14 iyul 1958-ci il İraq inqilabından sonra dönür. Həmin ilin 6 oktyabrında ölkəsinə qayıdan Bərzani ümumiraq milli qəhrəmanı kimi qarşılanır. Burda 20 ildən artıq siyasi və hərbi fəaliyyətlə məşğul olan Bərzani İraq prezidenti Səddam Hüseyn və İran şahı Məhəmməd Rza Pəhləvi ilə mübarizə aparır, sazişlər imzalayır, sui-qəsdlərə məruz qalır. 1975-ci ildə səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-a gedir. Burda ona xərçəng diaqnozu qoyulur. Buna baxmayaraq, o, fəaliyyətini davam etdirir, amerikalı siyasətçilərlə aktiv görüşlər keçirməyə nail olur, ABŞ-ın yeni seçilmiş prezidenti Cimmi Karterlə görüşməyə təkid edir, Vaşinqtonu kürd məsələsi ilə bağlı mövqeyini dəyişməyə məcbur edir. Bu ərəfədə İranda İslam inqilabının başlaması və şahın devrilməsi barədə gələn xəbərlər Bərzaniyə yeni ümidlər gətirir. Ancaq onun səhhəti kəskin pisləşir və 1 mart 1979-cu ildə Vaşinqtonda vəfat edir. Mustafa Bərzani İran-İraq sərhədindəki Şno adlanan yerdə dəfn edilir, cəsədin qalıqları 1993-cü ildə Bərzana köçürülür.
Onun ölümündən sonra – 1979-cu ilin martında oğlu Məsud Bərzani Kürdüstan Demokratik Partiyasının və kürd hərəkatının sədri seçilir. O, bu vəzifəni günümüzədək icra edir. Məsud Bərzani 2003-2004-cü illərdə İraq İdarəetmə Şurasına daxil olur, 12 iyun 2005-ci ildən İraq Kürdüstan Regional Hökumətinin başçısı elan olunur.