27 Fevral 2017 14:52
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının ildönümü ərəfəsində Bakıya səfər edən bu faciənin canlı şahidlərindən biri, litvalı hərbi jurnalist-fotoqraf Riçard Lapatis Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə birgə Şəhidlər Xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Riçard Lapatis və Umud Mirzəyev Qarabağ müharibəsi şəhidləri və Xocalı faciəsinin qurbanlarının qəbirləri üzərinə gül dəstələri qoyublar. Ziyarət zamanı onlar Xocalı faciəsi zamanı 5 yaşı tamam olan, adı indiyədək naməlum qalan körpənin və Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımında şəhid olmuş Əlif Hacıyevin qəbri üzərində dayanıb, dualar oxuyublar. Habelə milli qəhrəmanın xanımı Qalina Hacıyevanın Əlif Hacıyevlə bağlı xatirələrini danışarkən litvalı jurnalist kövrəlib.

Xatırladaq ki, 1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli olub. Bu günədək Əlif Hacıyevin xatirəsini yaşadan Qalina xanıma Milli qəhrəmanın Zərinə və İradə adlı qızları yadigar qalıb. Azərbaycan xalqının Əlif Hacıyevin qəhrəmanlığını heç vaxt unutmayacağını bildirən BAMF sədri Umud Mirzəyev bildirib ki, qəhrəmanlar ölmür. Dünyadan köçməsindən 25 il vaxt keçsə də, Əlif Hacıyev əfsanəsi hələ də ürəklərdə yaşayır.

Riçard Lapatisla Umud Mirzəyev eyni zamanda Şəhidlər xiyabanında baş tutan anım mərasiminə də qatılıblar. Mərasimdə Şuşa, Xocavənd və Xocalı sakinləri ilə yanaşı “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Xocalı rayon icra başçısı Şahmar Usubov da iştirak edib.

Xatırladaq ki, Riçard Lapatis Qarabağ müharibəsi dövründə Azərbaycanda olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən tutmuş 1994-cü ildə atəşkəs elan olunanadək baş verən bir çox hadisələrin fraqmentlərini lentə alıb, xarici mətbuatda maraqlı məqalələrlə çıxış edib.

1992-cü ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun üzvü olan Riçard Lapatisin münaqişə bölgəsində çəkdikləri əsasında Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Sonu olmayan dəhliz” adlı sənədli film əksər dünya ölkələrində təqdim olunub.

Cavad


Müəllif:

Oxşar xəbərlər