Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, komitə sədri Mübariz Qurbanlı təqdimat zamanı islam dünyasının bir parçası kimi Azərbaycanda milli-mənəvi dəyərlərin və xalqımıza məxsus xüsusiyyətlərin qorunub saxlandığını diqqətə çatdırıb.
O tarixdən gələn bu ənənələrin gələcək nəsillər tərəfindən də davam etdirilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə dünyada örnək ölkələrdən biri olduğunu deyib: "Respublikamızda hər hansı bir məzhəb ayrı-seçkiliyinə rast gəlinmir”.
Sonra dövlət qeydiyyatına alınmış Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub. Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri dinə, dindarlara diqqət və qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, rəhbərlik etdikləri dini təhsil müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər. Bundan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 7 dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib.