Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dünyanı iqtisadi böhran bürüdüyü şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin olunduğunu, sosial və iqtisadi layihələrin uğurla icra edildiyini məmnunluqla diqqətə çatdırıb.
İclasda Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunub, onun ölkəmizdə insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün "yol xəritəsi" olduğu vurğulanıb. Həbs qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri iclasda çıxış edərək, sərəncamın insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında, ədalətli cəza siyasətinin formalaşdırılmasında proqram xarakteri daşıdığını bildiriblər.
İclasda sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin mütəmadi təhlil olunaraq ümumiləşdirilməsi, həbs müddətinin uzadılmasına yeni, təsirli nəzarət mexanizmlərinin işlənilməsinin və ədalətli cəza siyasəti formalaşmasının zəruriliyi vurğulanıb.
Şurada ötən il məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin daha da genişləndirilməsi ilə bağlı mütərəqqi dəyişikliklər edilməsi, o cümlədən məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması səlahiyyətinin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi diqqətə çatdırılıb.
Bununla əlaqədar iclasda məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı apellyasiya məhkəmələrinin təklifləri dinlənilib, məhkəmələrin iş yükü üzrə aparılmış təhlillər və onun mütənasibliyi nəzərdən keçirilib, ərazi yurisdiksiyası zəruri dəyişikliklər edilməklə yenidən təsdiq olunub.