Yasamal rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, bu yaşayış massivi uzun illər əvvəl salınıb, istismar müddətini artıq tam başa vurub.
Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmır. Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin Baş Planının icrasının təmin edilməsi, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr 2013-cü tarixli “Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayonu ərazisində müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası məqsədilə 10 yanvar 2014-cü il tarixindən Yasamal rayonundakı “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin vətəndaşlardan mülki qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi ilə alınmasına başlanıb.
“Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşılıb. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmayıb. Dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin sahibləri Nərimanov rayonunda ikiotaqlı, tam təmirli mənzillərlə təmin olunublar. Mənzillərin bölüşdürülməsi tam şəffaf, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib. Yeni mənzillərin sahələri sakinlərin “Sovetski” adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən 2-3 dəfə böyükdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarımçıq binalarda yaşayan əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Sovetski” adlanan ərazidə yol infrastrukturunun yaradılması, ərazidə həyata keçirilən işləri xüsusi qeyd edib. Prezident vurğuladı ki, onilliklər ərzində o zonada layihəni icra etmək mümkün olmayıb və biz artıq buna nail olduq. Hesab edirik ki, bu, ölkə rəhbərliyi tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin “Sovetski” adlanan ərazidə həyata keçirdiyi işlərə çox böyük önəm verdiyini və əhəmiyyətini göstərir. Bakı şəhərinin Baş Planına əsasən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Burada 8769 ünvanda ölçü işləri aparılıb, 3950 yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqı-satqı əməliyyatına təqdim olunub və vəsait ödənilib. 3940 daşınmaz əmlak sökülərək ərazi təmizlənib. Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli 533 nömrəli Qərarına əsasən Nəriman Nərimanov prospektinin yuxarı hissəsində Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin arasında 35, Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov və Fuad İbrahimbəyov küçələrinin arasında 150 daşınmaz əmlakın satınalınması və köçürmə işlərinə başlanılıb.
Yasamal rayon İcra Hakimiyyəti nəzərə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası işləri sonrakı dövrdə Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilib. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib, habelə Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Ümumilikdə, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər sakinlər tərəfindən razılıqla qarşılanır”.
Aprelin 12-də “Sovetski” ərazisindəki söküntüyə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı gündəmə gələn məsələyə gəlincə, Yasamal rayon İcra Hakimiyyəti qeyd edib ki, həmin tikili nəinki Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də məscid kimi icması qeydiyyatdan keçməyib: “Məscidin içərisinə daxil olan hər kəs bu tikilinin nə qədər köhnə, yararsız, antisanitar vəziyyətdə olduğunun şahidi olur. Lakin orada ibadət edən dindarlar məscidin söküntüsünə etiraz etdilər. Bu məsələ ölkə rəhbərinin birbaşa nəzarətinə götürüldü. Dövlət başçısının tapşırığı ilə “Hacı Cavad” məscidinin söküntüsü dayandırıldı. Mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiya işə başlayıb. Prezidentin tapşırığını aldıqdan sonra yeni məscidin inşasına başlanacaq. Bakının “Sovetski” adlanan ərazisinin sakinləri Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edərək öz təşəkkürlərini bildirdilər. Aprelin 12-də söküntü ərazisinə düşən “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı məsələnin yüksək səviyyədə həll olması nəticəsində “Sovetski” sakinlərinin narahatlığına son qoyulması hamı kimi bizi də çox sevindirdi. Lakin həmin vaxtdan bu günə qədər bəzi mətbuat orqanlarında Yasamal rayon İcra Hakimiyyətinin əleyhinə bəzi haqsız yazılar dərc olunur və nəticədə bu hal bizi çox məyus edir”.
Yasamal rayon İcra Hakimiyyəti bildirir ki, “Haci Cavad” məscidinin sökülməsi məsələsi ilə bağlı aprelin 12-də hadisə yerinə gələn Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bir neçə icma nümayəndəsi ilə danışmaq üçün kənara çəkilir: “Bu zaman mövcud vəziyyətlə bağlı açıqlama almaq istəyən və özünü müstəqil jurnalist adlandıran Fərqanə Novruzova öz foto-kamerası ilə icra başçısına dəfələrlə yaxınlaşır. İcra başçısı həmin jurnalistə açıqlamanı sonra verə biləcəyini, hazırda isə xidməti vəzifəsini yerinə yetirdiyini və icma üzvləri ilə görüşün daha vacib olduğunu nə qədər çatdırmaq istəsə də, F. Novruzova icra başçısını eşitmirmiş kimi davranır. Ölkəmizdə kifayət qədər öz peşəsini mükəmməl bilən, qələmi ilə ölkəsinə, millətinə layiqincə xidmət edən mətbuat nümayəndəsi var. Biz həmin savadlı, bacarıqlı, əsil jurnalistlərə buradan səslənirik. Jurnalistin bu hərəkətinə haqq qazandırmaq olarmı? Həmin hadisə baş verən zaman icra başçısını vəzifəli şəxs kimi yox, sadə vətəndaş kimi düşünsəniz, həmçinin bir anlıq özünüzü İ. Mehdiyevin yerinə qoysanız və sizə qarşı həmin kobud davranışı, etika qaydalarını pozan “müxbir”lə qarşılaşsanız, nə edərdiniz? Əslində icra başçısına əvvəlcədən yaxınlaşan jurnalist Fərqanə Novruzova: (həmin an foto-kamerasını işə salmamışdır) “İbrahim müəllim, “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı açıqlama verərdiniz” deyir. İ. Mehdiyev cavabında “ay xanım, bu barədə ətraflı məlumatı birazdan, icma üzvləri ilə görüşəndən sonra siz jurnalistlər vasitəsilə ictimaiyyətə açıqlayacağıq, imkan verin ölkə rəhbərinin tapşırığını yerinə yetirim” deyir. Həqiqətən də, icma üzvləri ilə görüşdən sonra təqribən 10 nəfər jurnalistə ölkə rəhbərinin tapşırığı ilə bağlı açıqlamanı verir. F.Novruzova isə elə bu an foto-kamerasını işə salır və icra başçısına “gör indi neynəyəcəm” deyib çəkilişə başlayır və ardından məlum olan video çəkiliş “baş tutur”. Sonra həmin çəkilişdən də aydın görünür ki, “müxbir” Fərqanə Novruzova verdiyi suala İbrahim Mehdiyevin cavabı belə olur: “həmin məscid sökülmür, vəziyyət onların xeyrinədir”. Bu sözləri icra başçısı icma üzvləri ilə yolu birgə gedə-gedə üzünü müxbirə çevirib deyir. Əgər jurnalist doğurdan da məscidin sökülməsinə etiraz edən dindarların bu məsələ ilə bağlı problemlərini işıqlandırmaq və onlara mətbuat dəstəyini göstərmək niyyətindədirsə, icra başçısının verdiyi cavabdan niyə qane olmur? Hər bir vətəndaş ilk növbədə hissiyatlı və şüurlu insandır, bir şəxsiyyətdir. Həmin gün “Hacı Cavad” məscidinin ətrafında toplaşmış insanların, dindarların etirazı bizi və bütün ölkəni narahat edirdi. Həmin məsciddə ibadət edən vətəndaşlarımızın narahatlığını aradan qaldırmaq, onları sakitləşdirmək hamımızın həm insani, həm də vəzifə borcumuzdur. Həmin gün yaranmış bu gərgin vəziyyətdə ölkə rəhbərinin tapşırığına əsasən “Hacı Cavad” məscidinin sökülməsinin dayandırılması ilə bağlı icma nümayəndələri ilə görüşə tələsən və bu görüşün nəticəsi olaraq vəziyyətin sabitləşəcəyinə əmin olan icra başçısı “xüsusi hazırlanmış müxbir”in yersiz, kobud və etikadan kənar fəaliyyəti ilə qarşılaşır və nəticədə də bəzi mətbuat orqanları “Yasamal İH başçısı İbrahim Mehdiyev jurnalist xanımın kamerasına sillə vurur” başlığı altında yazılar dərc edir. Bizi məyus edən odur ki, bu xəbərə haqsız şəkildə reaksiya verən, hətta həmin “müxbir”ə “dəstək” olan özünü media eksperti adlandıran və bəzi ziyalı yazarlarımız da oldu. Ancaq yenə də biz icra hakimiyyəti olaraq həmişə olduğu kimi, bundan sonra da mətbuat nümayəndələrinə, özünə, qələminə hörmət edən, peşəsinə vicdanla yanaşan jurnalistlərlə əməkdaşlıq etməyə davam edəcəyik. Fərqanə Novruzova və onun təmsil etdiyi mətbuat orqanı bu çəkilişlə 54 ildir ki, dövlətinə, millətinə vicdanla xidmət edən, 10 ildir ki, Yasamal rayonu sakinləri qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıyan, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə gecə-gündüz çalışan icra başçısını nüfuzdan salmaq, onu guya ki, mətbuat nümayəndələrinə qarşı düzgün rəftar etməməkdə günahlandırmaq, eləcə də kimlərdəsə ölkədə din və söz azadlığına qarşı çıxmaq kimi fikir yaratmaq idisə, onların bu niyyətlərinə çata bilmədiklərini əminliklə deyə bilərik. Düşünürük ki, müstəqil jurnalist Fərqanə Novruzovanın yaratdığı bu cür vəziyyət ilk növbədə Azərbaycanın jurnalist ictimaiyyətini narahat etməli, prinsipial qiymət verilməli və belə məsuliyyətsiz əməllərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Bunun üçün isə mətbuat orqanları mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməlidir. Bu tələb Mətbuat Şurasının “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə əksini tapıb”.