Teleqraf.com psixoloq Narınc Rüstəmova ilə müsahibəni təqdim edir.
– Narınc xanım, həyat yoldaşınız Elnur Rüstəmov da psixoloqdur. Bir ailədə iki psixoloq. Təsadüfidir? Yoxsa?
– Biz Elnur bəylə işdə tanış olmuşuq. O, psixologiyaya dair kurslar keçirdi. Yaxın dostlarım təklif etdilər ki, belə bir psixoloji mərkəz var, gedək. Elnur müəllim fəaliyyət göstərən vaxtlar hələ Azərbaycanda psixologiyanın çiçəklənən dövrü deyildi. Psixoloqlar demək olar praktiki çalışmırdılar. Həmin vaxtlar mən də maraqlanırdım ki, Azərbaycanda belə bir yer varmı? Çünki Türkiyə ilə müqayisə edirdim. Onlar bu sahədə bizdən 50 il qabaqdadırlar. Beləliklə, mən də Elnur müəllimin kurslarına dinləyici kimi qatıldım. Yavaş-yavaş tanış olmağa başladıq. İlk vaxtlar mən onu evli bilirdim. Çünki çox qaraqabaq və sərt adam kimi görünürdü. Bir gün biz birlikdə kompüter almağa getdik. Elə ordaca bu barədə məni məlumatlandırdı. (gülür)
– Evli olmadığı barədə?
– Yox, sevgi etirafı elədi.
– Ürəyinizdən oldumu bu etiraf?
– Açığı, heç gözləmirdim. Çünki hiss elətdirmirdi. Hətta mənə dedi ki, atanla tanış olmaq istəyirəm. Həm sevdiyini, həm də elçiliyi bir yerdə elədi Elnur müəllim. Mən yerimdəcə dondum qaldım və atamla tanış olmağa razılıq verdim. Sən demə, özüm də razıymışam. (gülür) Yəqin hər şey şüuraltı baş verir. Və sonra ailələrimiz tanış oldu. Çox sürətli oldu hər şey. Deyim ki, dəli-divanə bir məhəbbət yaşamışıq? Yox. Oktyabrda tanış olduq, apreldə toyumuz oldu.
Əslində, belə yaxşıdır. Evlilikdə çox düşünmək lazım deyil, düşündükcə ortaya çox detallar çıxır. Onsuz da hamıda qüsur var, qüsursuz insan yoxdur. Özünə uyğun adamı tapmaq lazımdır sadəcə.
– Ailə qurduqdan sonra dava-dalaşlarınız oldumu?
– Yox, olmadı. Evliliyimizn ilkin dönəmlərini rahat keçirdik. Ailənin birinci il və yeddinci il böhranları olur. Birinci ildə ailədə uyğunlaşıb-uyğunlaşmama böhranı başlayır. Yeddinci il isə bezmə böhranıdır. Biz hələ ki böhran yaşamamışıq. Çünki biz psixoloquq. Konfilikt vəziyyətə getmirik. İnciklik də olsa iki-üç saatdan çox çəkmir.
– Ailədə münasibətləri tənzimləmək üçün mütləq psixoloqmu olmaq lazımdır? Adi insanlar bu problemləri həll edə bilməz ki?
– Əgər bir insan ziyalıdırsa, mütaliə edir, araşdırırsa bu, artıq ona müəyyən qədər kömək edir ki, hadisələri analiz etsin, başa düşsün, düzgün qiymətləndirsin. Biz bilsək, bir insanın danışdığı sözün arxasında nə dayanır, o zaman çox rahat olarıq, heç vaxt konfiliktli situasiyaya getmərik. Çünki insanların danışığından bir şablon götürsək, onun 80 faizi yalan, 10 faizi uydurma, şişirtmə, cəmi, yerdə qalan 10 faizi həqiqət olacaq. Biz bunu qəbul etməliyik və insanlarla münasibətdə, ünsiyyətdə bu qızıl açarı tapmalıyıq. Evlilik öncəsi isə psixoloq dəstəyi almaq lap gözəldir.
– Necə düşünürsünüz, evlilikdən əvvəl bəylə gəlin psixoloq yanına getsə, valideynlər qorxmazlar? Axı bizim cəmiyyət hələ belə şeylərə tam hazır deyil. Fikirləşəcəklər ki, yəqin gəlinimiz və ya kürəkənimiz psixdir.
– Psixologiya sözünün kökü - psix yunan dilində ruh deməkdir. Biz psixiatr deyilik, ruhi xəstələrlə işləmirik. İnsanların sosial problemləri, narahatçılıqları, problemləri ilə bağlı müzakirələr aparırıq. Son vaxtlar cəmiyyətimizdə psixologiyaya böyük maraq və sevgi yaranıb. Hətta həkimlər və digər sahədə çalışan adamlar da psixoloq olmaq istəyirlər.
Dediyiniz tendensiya isə artıq çoxdandır aradan qalxmağa başlayıb. Və bunu qürrələnərək deyirəm, bu sahədə bizim də əməyimiz az deyil. İnsanlara psixologiyanı sevdirmək üçün kifayət qədər əziyyət çəkdik. Evlilikdən öncə psixoloq yanına getdikdə tərəflər özlərini bir-birinin xarakterinə uyğun hazırlayırlar. Çünki bütün ailə modelləri fərqlidir.
Məsələn, sizinlə yoldaşınızın ailə mühiti ayrıdır. Və siz birlikdə yaşamağa başlayanda hər iki tərəf öz evindəki yaşam tərzini qorumağa, tətbiq etməyə çalışacaq. Hamı gördüyü modelə uyğun rəftar etmək istəyir. Amma psixoloq sizi ortaq bir məxrəcə gətirir. Və bu da böyük böhranların qarşısını alır. Çünki insan qəlbi şüşə kimidir, sındısa, bərpa olunmur. Münasibətlər belədir. Münaqişələrdən qalan incikliklər yığılır-yığılır və nə vaxtsa vulkan kimi püskürüb böyük davalara, problemlərə, ayrılıqlara gətirib çıxarır.
– Narınc xanım, psixoloq Dəyanət Rzayevin intiharından sonra sizə, Elnur müəllimə və ümumən psixoloqlara qarşı inam, etiqad sarsılmadı ki? Yəni belə bir düşüncə tərzi formalaşmadı ki - əgər psixoloq özü intihar edirsə, başqa bir psixoloq, mənə nə məsləhət verə bilər?
– Biz çıxış etdiyimiz bütün məqamlarda, situasiyalarda yaxınlarımızın adını öz üstümüzdə daşıyırıq. Bir insan nəyi təmsil edirsə, ailəsi, peşəsi də onu təmsil edir. İnsanlar müəyyən məqamlarda depressiya, böhran yaşaya bilər. Bu normaldır. Dəyanət Rzayev bu böhranın qarşısını özü almalı idi. Əvvəlcədən bu vəziyyəti hiss etməli idi. Demədiyinə görə çox məyus olduq. Hətta təzyiqlərə belə məruz qaldıq. Hamı acığını bizdən çıxmağa çalışırdı. Ki, niyə psixoloqlar bu barədə belə danışdılar?
Əslində, biz psixoloqlar da heç nədən sığortalanmamışıq. İnsan emosional vaxtı özünü tənzimləməlidir. Normal iş qrafikini quran, həyatı düzənli olan insanın intihar etmə ehtimalı daha aşağıdır. Həmişə həyatını nataraz yaşayan insanlarda bu cür fikirlər olur. Dəyanət kömək istəyə bilərdi. Bəlkə də istəyib, ancaq o, biz olmamışıq. Mən özüm də psixoloq yardımı ala bilirəm, burda ayıb bir şey yoxdur ki...
– Tez-tez deyirsiniz ki, heç kim heç nədən sığortalanmayıb. Məsələn, ola bilərmi, siz də intihar edəsiniz? Bunu özünüzdən gözləyirsinizmi?
– Gözləsəydim, bu haqda belə cəsarətlə danışmazdım, mövzunu müzakirə eləməzdim. Yenə deyirəm, təbii, heç kim heç nədən sığortalanmayıb. Peşəkar psixoloq öz düşdüyü vəziyyəti analiz etməlidir, bu vəziyyətdə özünə kömək əlini uzatmalıdır, bunu özünə ar bilməməlidir. Bizim ən sevimli məşğuliyyətimiz söhbət etməkdir. Bir-birimizin nöqsanlarını dilə gətiririk, çünki insan öz nöqsanlarını görə bilmir. Psixoloq özü psixoanalizdən keçməsə, özü təmizlənməsə, heç kimə kömək edə bilməz.
Mən evdə ər-arvad problemi yaşayıramsa, sizə necə kömək eləyə bilərəm? Və yaxud, öz övladımda problem varsa, davranış problemli başqa bir uşağa necə kömək eləyə bilərəm? Özümü əksik hiss edərəm. Ona görə də bizim işimiz çox yüklüdür. Məsələn, mən evə gələndə artıq yorğun oluram. O ki qaldı sualınıza, xeyr, intihar etmərəm. Allah ağlımı əlimdən almaz. İntiharla ölmək istəmirəm, həyat çox gözlədir.
– İntihar xəbərlərinin mediaya sızdırılması, saytlarda, televiziyalarda verilməsi məsələsinə necə baxırsınız?
– Bu xəbərlərin ictimailəşdirilməsi, maraqlı başlıqlar altında qoyulması intiharı insanların gözündə bəzəyib-düzəyir. Yeniyetmələr ölümlə diqqət çəkməyi çox sevirlər. Onlar həmişə seçilməyi, fərqli olmağı xoşlayırlar. Hətta Avropada onlayn şəkildə intihar edənlər də olur.
Yeniyetmə diqqəti çox sevir, mən öləndə anam ağlayacaq, yaxınlarım üzüləcək, arxamca xatirələr danışacaqlar, daha məşhur olacam və s. Valideyn uşağının davranışlarına, özünə qapanmasına nəzarət etməlidir. Elə ola bilməz ki uşaq gülüb-oynasın, səhəri intihar etsin. Deməli, ya valideyn normal deyil, diqqətsizdir, ya da övladının bu halını qəbul etmək istəmir. Çünki intihar heç vaxt birinci cəhddən baş tutmur. Valideyn bunu görməli, hiss etməli, bilməlidir ki, bu adam intihara gedir...
– Ola bilərmi insanın heç bir psixoloji problemi olmasın, sadəcə yaşamaq istəməsin? Yəni intihar mütləq psixoloji problemdən irəli gələn bir şeydirmi?
– Ola bilər insan nədənsə yorulsun, bezsin. Bu özü intihara gətirən səbəbdir. Məsələn, ruhi xəstələr intihar etmir. Əsas depressiyaya düşmüş insanlardır bu yolu seçənlər. Hər şeyə həssaslıqla yanaşır, hər şeyi görür, duyur, narahatdır. Bir də var diqqət çəkmək, özünü fərqli göstərmək üçün intihar edənlər. Özünə xəsarət yetirir və kəsiklərə baxaraq zövq alır. Belə şeylər gənclər arasında çox məşhurdur...
– Deyirsiniz, problemi olan şəxs yaxınlarından, ailəsindən kömək istəməlidir. Tutaq ki, birinin əlli min manat borcu var. Borc yiyələri də qapını kəsdirib. Belə adama ətraf, yaxınları, psixoloq necə kömək edə bilər?
– Maddiyyata görə intihar yolunu seçənlər daha azdır. İntihar edənlər daha çox sevilmədiyini və yalnız olduğunu düşünən insanlardır. O şəxs borca görə özünü asmır, pulu necə verəcəyini düşünür və özünü zəif hiss edir. Niyə yoldaşım məni anlamır, niyə atam-anam məni əzir? Hətta o pul ödənsə də, bu insan hansısa başqa çətin məqama düşən kimi yenə ölümü seçəcək. Yəni əsl səbəb pul deyil.
Onkoloji xəstələrdə intihar meyili daha çox olur. Belə xəstələr ruh düşkünlüyü yaşayır ki, onsuz da tezliklə öləcəm. Elə adam var milyonlarla borcu var, vecinə deyil. İnsanın görmə bucağı önəmlidir. Sən problemləri ölərək həll edə bilməzsən axı. Amma bir adam ölüm yolun seçibsə, demək, özünü yalnız hiss edib. Niyə yalnız? Bax, onu araşdırmaq lazımdır.
Maddi dəstək olmasa da, mənən ona güc verəcək bir insan olmalıdır. Kişi bir gün evə çörək ala bilməyəndə arvadı anlamalıdır ki, pulu yoxdur. Həyat yoldaşı dəstək olsa, o, intihar haqqında düşünməz...
– Narınc xanım, əgər bir adam intihar mesajları verirsə, yaxınları, dostları nə etməlidir?
– Əvvəla, fikir vermək lazımdır ki, bu mesajlar diqqət çəkmək üçündür, yoxsa həqiqətdir? Bunu ətraf fərqləndirə bilməz. Bunun üçün mütləq psixoloji müayinə lazımdır. Və psixoloq həmin şəxslə, ailəsi ilə işləməlidir. Özünə qapanan adamlar birmənalı olaraq tək qalmamalıdır. İctimayyət içində olmalıdır. Ruh halı qalxıb-düşən adamlar var. İki gün xoşbəxt, üç gün bədbəxt olurlar.
– Deyirsiniz, psixoloji dəstək vacibdir. Bir adam əgər 40 qəpik verib evinə çörək ala bilmirsə, 40 manatı hardan tapıb psixoloq yanına getsin?
– Psixi sağlamlıq mərkəzi var, Fuad müəllim pulsuz, tam təmənnasız fəaliyyət göstərir. Poliklinikalarımızın özündə azyaşlı uşaqlarla çalışan mütəxəssislər var, orda kliniki psixoloqlar fəaliyyət göstərir. Hətta qaynar xətt kimi telefon bağlantısı da var, bircə zənglə psixoloqla danışmaq olar. Yəni bu gün dəstək almaq istəyən adam üçün hər cür şərait var. Amma ən azı ətraf ona sevgi verməlidir. Hansı hadisədən sonra şəxsdə qapanmalar gedib, bu araşdırılmalıdır. Pasiyent gəlir, ana deyir, qızım hamamdan çıxanda gördüm qollarını kəsib. Deyir, məncə, atası işdən çıxıb, maddi problemlərimiz var deyə intihara cəhd edib. Çantasından dərmanlar da çıxıb. Biz sonra qızın özü ilə danışırıq. Görürük ki, əslində, heç də belə deyil. İllərdir platonik sevgi yaşadığı oğlan qəflətən başqa biri ilə nişanlanıb. Qız da şok vəziyyətə düşüb, həyat eşqini itirib, sarsılıb. Yəni mütləq problemin kökü tapılmalıdır. Travma faktoru araşdırılmalı, psixoloji dəstək verilməlidir. Amma intihar fikirlərini yayındıran ən gözəl vasitə sevgidir.
– Sevgi həm intihara aparır, həm də intihardan xilas edir?
– Söhbət sağlam sevgidən gedirsə, xeyr, intihara apara bilməz. Anormal məhəbbətin sonu isə mütləq intihardır.
– Dünyada neçə-neçə dahi insanlar intihar edib. Məsələn, Heminquey, Yesenin, Cek London, Van Qoq... Bu cür intiharlar da insanlarda həvəs, istək yarada bilərmi?
– Əslində, kütlə psixologiyası budur. Bayaqdan intihardan danışırıq. Elə bu özü də intiharın təbliği sayılır, insanların diqqətini çəkir... Əgər bir adamın fikrində inthar varsa, gözü ancaq intihar etmiş adamları görəcək. İnsan nədən sıxıntı çəkirsə, cəmiyyətdə mütləq onu axtarır. Epilepsiyadan əziyyət çəkən yeniyetmələr də bizə deyirlər ki, biz seçilmiş adamlarıq, çünki Napoleon Bonapartın da epileptik tutmaları olub.
İntihar edən dahilərin də əksəriyyəti yalnızlıqdan əziyyət çəkib. Çoxu bir neçə dəfə uğursuz ailə həyatı qurub, arvadı bezib, atıb çıxıb gedib...
– İstedad, yaradıcılıq da intihara meylləndirir?
– Bəli, yaradıcı adamların əksəriyyətində bu halları görürük. Bu proses həmin insanların hadisələrə daha həssas yanaşmasından irəli gəlir. Onlar adətən melonxonik, romantik ruhda olurlar. Narahat, gərgin yaşayırlar, haqsızlıqlarla barışa bilmirlər. Bu da onların ruh halına təsir göstərir.
– Bir sözlə, vecsiz olmaq lazımdır...
– Bəli... (gülür)
– Bayaq dediniz, onkoloji xəstəlikdən əziyyət çəkən adamlar daha çox intihar edirlər. Çünki tezliklə öləcəklərini bilirlər. Bəs bu halda intiharı məqbul hesab etmək olmazmı?
– Evtanaziya deyilən bir anlayış var. Yəni insan öz ölümünü qəbul edir. Bu, xarici ölkələrdə çox müsbət hal kimi qarşılanır hətta. Bir neçə ölkədə qanunvericiliklə tənzimlənir də. Məsələn, uşaqdır, qüsurlu doğulub, ana evtanaziya yolu ilə ondan imtina edir. Və ya komada aparata bağlı yaşayan bir adamı qohumları, yaxınları evtanaziya yolu ilə öldürülməsinə razılıq verirlər.
Amma təbii, müsəlman ölkələrində, həmçinin bizdə bu, mümkün deyil. Xərçəng sümüyə keçdikdə morfidən istifadə olunur. Çünki insan çox ağrıyır, əziyyət çəkir. Belə halda onlar özləri öz razılığı ilə ölümü seçirlər. Amma Allahın möcüzələri çoxdur. Məsələn, iyirmi onkoloji xəstə varsa, onun mütləq birinin sağalamaq ehtimalı var. Məhz bu ehtimalı düşünüb ümidlə yaşamaq lazımdır.
– Siz özünüz evtanaziya yolunu seçərdinizmi?
– Bəli, elə bir xəstəliyə tutulsam, seçərəm.
Çinarə Böyükçöl