27 Aprel 2017 12:57
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə gətirilməsi ordumuzun güclənməsinə böyük töhfədir.

Teleqraf.com xəbər verir ki, bunu Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir:

“Hesab edirəm ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox, cüzi bir qismidir. Çünki alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir.

Əlbəttə ki, bu silah və texnika paradda nümayiş etdirilmək və yaxud da sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq.

İnanıram ki, alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacaq”.

Ekspert hesab edir ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək:

“Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək”.


Müəllif:

Oxşar xəbərlər