I Dünya Müharibəsi zamanı Osmanlı tərəfdarı kimi çıxış edib, əsir düşən türklərə qayğı göstərib, rus ordusunun işğalçılığına qarşı çıxıb. Türkiyə mühiti və mövzusu onun bütün yaradıcılığının əsasını təşkil edir. Onu hər dəfə “Müsavat casusu”, “Türkiyə agenti” adlandırmaqla hücumlar təşkil ediblər. Şair 1937-ci ildə həbs edilib və güllələnib. 1956-cı ildə bəraət alıb.
Teleqraf.com xəbər verir ki, bu fikirlər istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş konfransda səslənib.
Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova, AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli Əhməd Cavadın həyatı və yaradıcılığı haqda ətraflı məlumat verib.
Bildirilib ki, Əhməd Cavaddan danışmaq Azərbaycan ədəbi mühiti ilə yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Avropa ədəbi mühitindən danışmaq deməkdir.
“Cavid ömrü” filmində Əhməd Cavad obrazının yaratmış xalq artisti Nurəddin Mehdixanlı çəkiliş zaman arxiv sənədlərilə yaxından tanış olduğunu deyib:
“O zaman mən Əhməd Cavadın nə qədər güclü iradəyə, əqidəyə malik biri olduğunun bir daha şahidi oldum. O, heç zaman özünə “azəri” deməyib, o deyib ki, “mən türk oğlu türkəm”. Çox təəssüf ki, o yazdıqlarına görə canıyla cavab verdi”
Bildirilib ki, bu gün Əhməd Cavada aid məlumatlar müxtəlif saytlarda, sosial şəbəkələrdə gözəl niyyətlə, ancaq çox vaxt uğursuz redaktədə yerləşdirilir. Şeirlərin mətnində hərifdən tutmuş söz dəyişdirilməsinə qədər “yaradıcılıq” nümunələrinə rast gəlinir.
BDU-nun dosenti Atamoğlan Məmmədli təkliflə çıxış edib: “Təklif edirəm ki, şairin güllələndiyi günü “Repressiya günü” kimi qeyd edək”.
Şairin nəticəsi Cavad Axundzadə Əhməd Cavadın adını daşımağın onun üçün şərəf olduğunu deyib: “Əhməd Cavad bir dəryadır. Mən arzu edirəm ki, Bakı şəhərində Əhməd Cavadın heykəlinin açılışında iştirak edək”.
Pərvin