Teleqraf.com xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün sadəcə, Bakıda deyil, artıq bölgələrimizdə də ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün böyük mərkəzlərin qurulub: "Gəncə və Naxçıvanda açıq ürək əməliyyatlarının tətbiqi Azərbaycan reallığını əks etdirən həqiqətlərdir.
Xalqa ən rahat şəkildə xidmətin çatdırılması üçün görəcəyimiz işlər çoxdur. İnanırıq ki, bu yolda daha gözəl işlər görəcəyik. Ürək-damar xəstəlikləri ölüm və əlilliyin əsas səbəbidir. Ötən ilki statistikaya görə, Azərbaycanda ölüm halalrının 57,8 faizi ürək-damar, qan dövranı xəstəliklərindəndir. Bu xəstəliklə mübarizə səhiyyə və dövlətin prioritet istiqamətlərindəndir".
Rəşad Mahmudov bildirib ki, bu gün səhiyyədə ürək-damar xəstəliklərinin müalicəsinə ayrılan diqqət, bu sahədə kadrların hazırlannasına görə MDB ölkələrində birinci yerdəyik: "İcbari tibbi sığorta sahəsində aparılan işlər nəticəsində bu potensialımızı daha da geniş şəkildə ortaya qoyacağıq. Kadr potensialı, xəstəxanaların maddi- texniki bazası göz qabağındadır. Xaricdə olan ekspertlərin, gənclərimizin ölkəyə qayıtması üçün Səhiyyə Nazirliyində ciddi işlər planlaşdırılır".