Bu fikirləri Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqları və cəbhədəki mövcud vəziyyəti şərh edən Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Teleqraf.com-a şərh edərkən deyib.
Milli Məclisin üzvü qeyd edib ki, münaqişənin həlli üçün həmsədr dövlətlər də aktiv olmalıdır: “Əlbəttə, Rusiya bölgədə marağı olan dövlətdir. Bu baxımdan onun üçün vacib olmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapsın”.
Rövşən Rzayev bildirib ki, Ermənistan-Rusiya birgə ordu qruplaşmasının yaradılması haqda son durumdan xəbəri var: “Hesab edirəm ki, bu məsələ Dağlıq Qarabağ münaqişəsinə təsir etməyəcək. Bu ərazilərin Azərbaycan torpağı olmasını bütün dünya və beynəlxalq təşkilatlar bəyan edib”.
Son zamanlar postsovet məkanında mövcud olan münaqişələrin aktivləşdiyini xatırladan deputat qeyd edib ki, məhz buna görə də, mütləq qaydada Dağlıq Qarabağ probleminin həllinə nail olmaq lazımdır: “Ona görə nail olunmalıdır ki, gələcəkdə bir sıra problemlərin qarşısı alınsın. Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan ərazilərinin separatçılardan təmizlənməsi üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Ona görə də ortalığa yeni mesaj gəlməli və münaqişə həllini tapmalıdır”.