3 Avqust 2017 17:05
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonuna səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda bir çox sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.

***

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, rayonun Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9, 5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.

Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir.

Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.

Qeyd olunub ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29, 8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.

Diqqətə çatdırılıb ki, iki hərəkət zolaqlı yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yol üzərində suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yerinin dəyişdirilməsi də yekunlaşdırılıb. Yol üzərində biraşırımlı dəmir-beton körpü və Süzgəncçay üzərində uzunluğu 46 metr olan ikiaşırımlı dəmir-beton körpü inşa edilib, dəmir-beton suötürücü boruların da quraşdırılması başa çatdırılıb. Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması nəzərdə tutulub.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, inşasına 2016-cı ildə başlanılan Bayraq Meydanı kompleksi istifadəyə tam hazırdır. Ərazisi üç hektar olan kompleksin inşası rayonun daxili imkanları hesabına həyata keçirilib. Azərbaycan Respublikasının dövlət bayrağı hündürlüyü 62 metr olan bayraq dirəyində dalğalanır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, bayraq meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib.

Muzeydə milli bayrağımızın təbliği ilə bağlı xüsusi eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarına və bayraqla bağlı atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı irəli sürdüyü təşəbbüslərə dəstək baxımından regionlarda həyata keçirilən bu cür layihələr bir daha əminlik yaradır ki, Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir və onun gələcəyi parlaqdır.

Qeyd edək ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərində dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Bu layihələrdən biri də bayraq muzeylərinin təşkilidir. Ölkəmizdə ilk bayraq muzeyi paytaxtımızda fəaliyyətə başlasa da, indi bu layihənin davamı olaraq regionlarda da belə muzeylər yaradılır. Qaxda yaradılan bayraq muzeyi də bu sırada xüsusi yeri ilə seçilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər