29 Avqust 2017 10:45
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələt-Astara-İran sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, yolun ümumi uzunluğu 173,6 km təşkil edir. Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yol yatağının eni 26,5 metr təşkil edir. Bura 15 metr enində hərəkət hissə, 4 metr ayrıcı zolaq və 3,75 metr enində çiyinlər daxildir.

Yol bir neçə hissə üzrə inşa olunur. Bu, 25 km-lik Yenikənd-Salyan (Kür körpüsü 1,6 km), 24,8 km-lik Salyan-Şorsulu, 30,1 km-lik Şorsulu-Cəlilabad, 32,2 km-lik Cəlilabad-Masallı və 61,4 km-lik Masallı-Astara hissələridir. Yeni magistral yolun 24,8 km-lik Salyan-Şorsulu və 30,1 km-lik Şorsulu-Cəlilabad hissələrində işlər davam etdirilir. Burada yol əsasının inşası, asfalt-beton örtüyünün döşənməsi, yamacların bərkidilməsi və dəmir-beton baryerlərin qoyulması işləri aparılır. Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində 179 dairəvi boru və düzbucaqlı su keçidi, 21 yeraltı keçid, 5 körpü, həmçinin 1 tunel inşa olunub.

Bundan başqa, Şorsulu-Cəlilabad hissəsində 12,5 km-lik yol trassası Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burda yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə 70 km-lik məsafədən qaya-daş parçaları gətirilib. Bundan əlavə, tikinti normalarına uyğun drenaj sistemi qurulub və daş dolğudan istifadə edilərək yol əsası inşa olunub. Yolun bataqlıq ərazidən keçən hissənin tikintisi üçün 1,2 mln. ton qaya-daş dolğusundan istifadə olunub.

Ümumilikdə magistral yolun 55 km-lik ərazisini əhatə edən hər iki hissə üzrə tikinti işləri gələn il ərzində yekunlaşdırılacaq.

Masallı-Astara layihəsinin qalan sonuncu 19,9 km-lik hissəsində isə son tamamlanma işləri görülür. Magistral yolun bu kəsiyində işlərin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Beləliklə, yolun tikintisi davam edən 55 km-lik və ötən il açılışı keçirilmiş 23,4 km-lik hissələri istisna olmaqla daha 93,6 km-lik əsas hissəsi yaxın müddətdə sürücülərin istifadəsinə veriləcək.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara-İran sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38,4 km qısalaraq 204,6 km olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər