21 Sentyabr 2017 13:23
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da “Leyli və Məcnun” operasının ilk dəfə Rusiyada nəzərdə tutulan nümayişi ilə bağlı bu gün mətbuat konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, Üzeyir Hacıbəylinin müəllifi olduğu Şərqin ilk operasının Moskvada nümayişi tarixi və fövqəladə hadisədir: “Şadam ki, tarixi hadisəyə şahidlik edəcəyik. Musiqi tariximizdə belə hadisələr bir neçə dəfə olub. 1938-ci ildə Moskvada Azərbaycan dekadasını misal çəkə bilərəm.

Sevinirəm ki, musiqi tariximiz üçün böyük hadisə olan bu premyerada Milli Konservatoriyanın da payı, rolu var. “Leyli və Məcnun” indiyədək bir neçə ölkədə nümayiş olunsa da, onun Rusiyada nümayişi xüsusi əhəmiyyət kəsb edir”.

Siyavuş Kərimi qeyd edib ki, opera Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə səhnəyə çıxacaq.

Operanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxışında bildirib ki, sənət əsərində həm dinamik, həm də kompazisiya baxımından dəyişikliklər olacaq.

Operanın rus dilinə tərcümə olunub-olunmaması ilə bağlı sualı cavablandıran Siyavuş Kərimli bildirib ki, rusdilli auditoriyaya əsər haqqında rus dilində ümumi məlumat veriləcək: “Tamaşa özü isə Azərbaycan dilində təqdim ediləcək”.
Simfonik orkestrin dirijoru, xalq artisti Yalçın Adıgözəlovdur. Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək. Opera iki akt və dörd səhnədən ibarət olacaq.


Müəllif: Şəfiqə Nazimqızı, Elçin Murad

Oxşar xəbərlər