Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın daxili orqanında (düz bağırsağında) iki bükümdə ümumi xalis çəkisi 22,385 qram olan narkotik vasitə - tiryək, bir bükümdə xalis çəkisi 24,281 qram olan narkotik vasitə - həşiş, 4 ədəd ritalin (metilfenidat) adlı həb və həbin 1/2 miqdarında metadon aşkar edilib.
Xatırladaq ki, ritalin (metilfenidat) adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına daxildir və 4 ədəd həbdə metilfenidatın təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir.
Metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və həbin ikidə bir miqdarında olan qırıntısında metadonun təsiredici maddəsinin miqdarı 0,01 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.