Qeyri-sabit hava şəraiti ayın sonuna kimi davam edəcək.
Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, yüksək dağlıq ərazilərdə qar yağıb:
“Bakıda və regionlarda şimşək çaxıb, ara-bir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Böyük Qafqazın yüksək dağlıq ərazilərdə qar yağması müşahidə olunub”.
Gülşad Məmmədova havaların qəfil soyumasından da danışıb: “Sentyabrın 23-dən paytaxt və bölgələrdə hava dəyişdi. Ümumiyyətlə, sentyabr ayı dəyişkən hava şəraiti ilə xarakterizə olunur. Bu il də əvvəlki ötən ildəki kimi havalar sentyabr ayında yağışlı, küləkli keçir.
Azərbaycanda payız fəslində əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə elə də ciddi dəyişiklik gözlənilmir”.