28 Sentyabr 2017 12:44
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam həmrəyliyi çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edirik.

Teleqraf.com xəbər verir ki, bunu Dini Qurumlarla İs üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini icma və qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ilə birgə keçirilən konfransda deyib.

Komitə sədrinin sözlərinə görə, dini radikalizmə qarşı mübarizə aparmaq üçün bir sıra işlər görürülür: "İslamofobiyanı Avropa və digər ölkələrdə müşahidə edirik. Münaqişə ocaqlarının genişlənməsi sülh və əmin-amanlıq üçün ciddi təhlükə törədir”.

Millət vəkili Qüdrət Həsənquliyev çıxışında deyib ki, dini icma rəhbərlərinin üzərinə böyük iş düşür: "Din xadimləri daha çox mənəvi dəyərlərin təbliği ilə məşğul olmalıdırlar".

Millət vəkili bu sahədə hələ də nöqsanların olduğunu bildirib: “Lakin bəzən görürük ki, bu sahədə nöqsanlarımız olur. Bilirik ki, Azərbaycanda din dövlətdən ayrıdır. Biz təhsilin ölkədə geniş yayılması üçün səylə çalışmalıyıq. Bir də görürsən ki, hansısa pullu şəxs bir neçə nəfəri Həcc ziyarətinə aparır. Bu, düzgün deyil. Həcc ziyarətinə hər kəs öz hesabına getməlidir. Başqası təklif edəndə imtina etməlisən”.

Qüdrət Həsənquliyev qadınların təhsilinə xüsusi diqqət verilməli olduğunu vurğulayıb: “Hüseyn Cavid deyirdi ki, bizim cəmiyyət qadınla yüksələcək. Dindarların çox olduğu regionlarda qızların təhsil almasına pis baxırlar. Din xadimlərinin bu sahədə etdiyi çıxışlar mənim kimi 5 millət vəkilinin çıxışından daha effektli olur. Bu istiqamətdə biz din xadimlərindən bəyanatlar gözləyirik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini Hacı Salman Musayev deyib ki, dini radikalizm, xurafatçılıq ictimaiyyətdə bölücülük yaradır: "Bunun da təzahürləri islam aləmində özünü göstərir. Bu bizim ağrılı problemimizdir. Təəssüf ki, gənclərimizin əksəriyyəti dini təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Bəzi mətbuat orqanları da bu hallardan maksimum istifadə edərək özlərini reklam edirlər. Gənclərimizi tərbiyə etməli, onların düzgün yol tutmasına yardım etməliyik”.


Müəllif: Ülkər

Oxşar xəbərlər