Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, Diferensial və inteqral tənliklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru Qoşqar Əhmədovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, rektor Abel Məhərrəmov Qoşqar Əhmədovun universitetin tarixində xüsusi rol oynamış görkəmli ziyalılardan, Azərbaycan riyaziyyat elmində məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəxsiyyətlərdən biri olduğunu deyib.
Onun fəaliyyəti nəticəsində Respublikamızda «Optimal idarəetmə» məktəbinin yarandığını deyən rektor, keçmiş sovetlər birliyində optimal idarəetmə sahəsində ilk elmi konfransın Bakıda bilavasitə Qoşqar Əhmədovun rəhbərliyi altında keçirildiyini, hazırda bu məktəbin nümayəndələrinin keçmiş ittifaqın müxtəlif elmi məktəblərində tanınmış mütəxəssislər oluğunu diqqətə çatdırıb. Abel Məhərrəmov onu da bildirib ki, Qoşqar Əhmədovun fəaliyyətinin ən mühüm sahələrindən biri onun pedaqoji fəaliyyətidir. O, böyük alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi, böyük ustalıqla və yüksək elmi səviyyədə adi diferensial tənliklər, variasiya hesabı və optimallaşdırılma üsülları fənlərindən, digər əsas və xüsusi kurslardan mühazirələr oxuyurdu.
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Qoşqar Əhmədov böyük alim və müəllim kimi” mövzusunda məruzə edib. Bildirib ki, Qoşqar müəllim böyük alim olmaqla yanaşı, həm də gözəl pedaqoq idi, böyük ustalıqla və yüksək elmi səviyyədə adi diferensial tənliklər, variasiya hesabı və optimallaşdırılma üsülları fənlərindən, digər əsas və xüsusi kurslardan mühazirələr oxuyurdu. 70-dən çox elmi əsərin müəllifi olan unudulmaz müəllimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdu.
Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Nicad Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə Əhmədova çıxış ediblər.