8 Noyabr 2017 23:35
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

FHN-dən Teleqraf.com-a bildirilib ki, əvvəlcə Akademiyanın həyətində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad olunub.

Akademiyanın akt zalında davam etdirilən mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb.

FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov çıxışında iştirakçıları hər iki bayram münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” fikirlərini diqqətə çatdıran P.Süleymanov bildirib ki, dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur. Azərbaycan Prezidentinin Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında tarixi Sərəncamı buna parlaq nümunədir.

P.Süleymanov qeyd edib ki, Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və xalqımızın maraqlarına xidmət edən siyasət sayəsində Əsas Qanunda əksini tapmış müddəaların reallaşdırılması nəticəsində Azərbaycan dövləti daha da qüdrətlənib. Məhz bunun nəticəsidir ki, yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyatı olan Azərbaycan regionun aparıcı dövlətinə və dünyada etibarlı tərəfdaşa çevrilib.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, bayraq hər bir ölkə və onun vətəndaşları üçün müqəddəsdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından yadigar qalan milli sərvətimizin - üçrəngli bayrağımızın məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi sayəsində yenidən xalqımıza qaytarıldığını deyən İ.Həbibbəyli bu dövlət atributunun qorunmasının hər bir vətəndaşımızın, o cümlədən əsgər və zabitlərimizin müqəddəs vəzifəsi olduğunu diqqətə çatdırıb.

Akademik qeyd edib ki, ümumxalq referendumu əsasında 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun daim inkişaf etdirilməsinə tam təminat verir. Tarixə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olan Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi-demokratik dövlət quruluşuna və ölkə vətəndaşlarının geniş hüquq və azadlıqlarına dair müddəalar əksini tapıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanda demokratik cəmiyyətin təməlləri ildən-ilə möhkəmlənir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər