16 Noyabr 2017 14:40
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən ölkə əhalisinin sayı 65 292 nəfər və ya 0,7% artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 875 min 273 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 114 nəfər olub, əhalinin ümumi sayının 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.

Cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2299 nəfər Azərbaycana gələn, 1377 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 922 nəfər təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər