Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 850 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
***
Prezident İlham Əliyev “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 777-VQ nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 777-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”nın müddəaları nəzərə alınmaqla “Beynəlxalq müqavilələr haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanını “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 oktyabr tarixli 1621 nömrəli və 10 oktyabr tarixli 1631 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.33-cü bəndə “Məcəllənin” sözündən sonra “43.1,” rəqəmləri və “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “, 602-1.1-ci maddəsində “səlahiyyətli orqan” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 4.48-1-ci bənd əlavə edilsin:
“4.48-1. həmin Məcəllənin 602-1.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”.
3. 5.44-cü bənddə “və 544.2-ci” sözləri “, 544.2 və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla)” sözləri ilə əvəz edilsin”.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 471-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 82; 2013, № 2, maddə 118; 2016, № 2 (II kitab), maddə 248) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3-cü bənddə “4.2.-ci bəndində” sözlərindən sonra “, koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritələrin hazırlanması ilə bağlı olduqda isə bu Qaydanın 5-1.4-cü bəndində” sözləri əlavə edilsin.
2. 4.7-ci bənddə “4.2.-ci bəndində” sözlərindən sonra “, koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritələrin hazırlanması ilə bağlı olduqda isə bu Qaydanın 5-1.4-cü bəndində” sözləri əlavə edilsin.
3. 4.10-cu bənddə “və 104-cü maddələrinə” sözləri “maddəsinə və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 3-1-ci fəslinə” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritənin hazırlanmasının xüsusiyyətləri
5-1.1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli ilə bağlı ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri (bundan sonra - mübahisə ilə bağlı xəritə) bu Qaydanın 5-1-ci hissəsində müəyyən olunan xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır.
5-1.2. Mübahisə ilə bağlı xəritə onun hazırlanması tapşırığı (bundan sonra - tapşırıq) verildiyi gündən 15 gün müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edilməlidir.
5-1.3. Tapşırıq daxil olduğu gündən 2 (iki) iş günü müddətində ƏMDK tərəfindən koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir.
5-1.4. Mübahisə ilə bağlı xəritənin hazırlanması məqsədilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi ƏMDK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi ərazi bölməsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə - onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə ƏMDK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçirilir.
5-1.5. Mübahisə ilə bağlı xəritədə mübahisələndirilən ərazi hissəsinin sərhədləri ayrıca göstərilir.
5-1.6. Kağız üzərində hazırlanmış mübahisə ilə bağlı xəritə bu Qaydanın 5-1.4-cü bəndində göstərilən nümayəndələr, həmçinin müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçıları və tapşırıqda göstərilən digər şəxslərlə razılaşdırılır, onlar tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
5-1.7. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair ərazi vahidinin xəritəsinin hazırlanması ilə bağlı sərhədlərin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zamanı tapşırıqda göstərilən mübahisələndirilən ərazi hissəsinin sərhədlərində aşkar olunmuş uyğunsuzluqlara Bu Qaydanın 4.9-cu bəndinin tələbləri şamil edilmir.”.
5. 6.2-ci bənddə “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin.
6. 8.5-ci bənddə “4 (dörd)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin.
7. 8.6-cı bəndə “xəritələrinin” sözündən sonra “bir nüsxəsi ETSN-ə,” sözləri əlavə edilsin.
8. 8.8-ci bənddə birinci halda “bəndində” sözü “və 5-1.3-cü bəndlərində” sözləri ilə əvəz edilsin.
9. Aşağıdakı məzmunda 8.9-cu bənd əlavə edilsin:
“8.9. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin, habelə mübahisə ilə bağlı xəritələrin hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 594; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2007, № 8, maddə 769; 2010, № 2, maddə 80; 2011, № 7, maddələr 637, 641; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 781) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4.1-ci bənd üzrə:
1.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra Neft Fondunun İcraçı direktoru Neft Fondu büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq, aşağıdakı sənədlərlə birlikdə Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edir:”;
1.2. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verir.”.
2. 4.2-ci və 6.2-ci bəndlərə “Müşahidə Şurasının” sözlərindən sonra “və Azərbaycan Respublikası Hesablama Palatasının” sözləri əlavə edilsin və həmin bəndlərdə “rəyi” sözü “rəyləri” sözü ilə əvəz edilsin.
3. 6.1-ci bəndə “Müşahidə Şurasına” sözlərindən sonra “, Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Müşahidə Şurası, Azərbaycan Respublikası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verir.”.
4. 6.3-cü bənddə “Neft Fondunun Müşahidə Şurasının rəyi və” sözləri “Neft Fondu Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri, habelə” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 36) aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-1-ci maddəsinə uyğun olaraq, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formalarını və onların təqdim edilmə qaydasını iki ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.