Mənim hazırda oturduğum məkanın icarədarı Nizami Ağayevlə iki ildir məhkəmə çəkişməsindəyəm.
Bu sözləri Teleqraf.com-a açıqlamasında 5 gündür etiraz olaraq aclıq aksiyası keçirən modelyer Leyla Əhmədova deyib.
Onun sözlərinə görə, məkanı icarəyə müqavilə əsasında götürüb:
"Mən buranın təmirinə təxminən 1 milyon manat pul qoymuşam. Təmirdən 3 ay keçmişdi ki, binanın sahibi məni məhkəməyə verib buradan çıxarmaq fikrinə düşdü. Məhkəmədə iş 1 il çəkdi.
Keçən il sentyabrın 26-sı bina sahibi gördü ki, məhkəməni uda bilmir. Ofisə girib, əşyalarımı qırıb-sındırdılar. Kassadan pulu, paltar-parçalarımı oğuladılar. Mən də faktla bağlı Yasamal Rayon Prokurorluğuna müraciət etdim. Prokurorluq təhqiqata başladı.
Bütün qəbullarda da olmuşam. Amma hələ tədbir görən yoxdur. Nə cinayət işini bağlayırlar, nə də cinayəti törədənləri tuturlar. İcarə pulunu vaxtlı-vaxtında vermişəm. Bütün qəbzlər sübut kimi əlimdədir.
Mən Leyla Əhmədovayam. Vətənimin yolunda 20 ildir fəaliyyət göstərirəm. Diplomlarım da göz qabağındadır. Ölkəmi moda sahəsində dünyada tanıdıram".
Modelyer əlavə edib ki, adı çəkilən şəxslə heç cür razılığa gələ bilmir: "Deyirəm, heç olmasa 500 min manat ver, halallaşaq, vəssalam. Nə qədər əziyət çəkib, sərmayə qoymuşam bura. Deyir yox, nə təmir etmisən özün bilərsən".
Qeyd edək ki, teleaparıcı İlahə Nizamiqızı rəsmi İnstaqram səhifəsində hüquqlarının pozulduğuna görə moda evində aclıq aksiyasına başlayan modelyer Leyla Əhmədovanın videosunu paylaşıb, ona dəstək olmağı xahiş edib.