1 Dekabr 2017 12:58
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu layihəsinin üçüncü oxunuşda müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Komitə sədri deyib ki, qanun üçüncü oxunuşda müzakirəyə təqdim edilir və indiyə qədər bu haqda bir sıra deputatlar çıxış edib:

“Qanunun 1.0.9-cu maddəsinə dəyişiklik ediləcək. Əvvəl tələb qoyulurdu ki, bütün sahibkarlar, işə götürənlər siqaretdən istifadə edənlər üçün xüsusi qapalı məkanlar ayırsınlar. Lakin müəyyən edildi ki, sahibkarların hamısının heç də belə məkan yaratmasına şəraiti yoxdur. Ona görə də qanunda bu hissə tələb kimi qoyulmur, lakin həmin məkanlarda tütün məmulatlarından istifadə qadağan edilir. Bu tələb təkcə siqaretlə bağlı deyil, bütün tütün məmulatları və qəlyandan istifadə hallarına da aid olunur”.

Komitə sədri əlavə edib ki, ölkədə 20-44 yaş arası kişilərin 30 faizi, 44-65 yaş kişilərin isə 51 faizi tütün məmulatlarından istifadə edirlər. Onlar gün ərzində 16 ədəd siqaret çəkirlər: “Statistikaya əsasən, deyə bilərik ki, qadınların 52,3, kişilərin 67,5 faizi siqaret çəkməyən, amma tütünün zərərlərindən əziyyət çəkən şəxslərdir”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, qanunun işləkliyini təmin etmək son dərəcə vacibdir: “Sulu qəlyanda olan bəzi komponentlərin tərkibindəki konsorogen maddələr siqaretdən daha çox olur. Yaxşı haldır ki, bu qanun həm də sulu qəlyana aid edilir”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, siqaret çəkmək üçün “açıq məkan” ifadəsi işlədilərkən, bu son dərəcə konkret yerləri əhatə etməlidir: “Bəzən açıq yerlər dayanacaq, uşaq bağçasının qarşısı da hesab olunur. Bu zaman ətrafdakı şəxslərin hüququ pozulur. Dünyanın əksər ölkələrində açıq məkan deyilərkən restoranların xüsusi açıq yerləri seçilir”.

Qanun səsə qoyularaq qəbul edilib. Bununla da qapalı məkanlarda tütün məmulatlarından istifadəyə qadağa tətbiq ediləcək.

Spiker Oqtay Əsədov qanunun qəbulunu böyük hadisə adlandırıb və deputatları belə layihə işləyib hazırladığına görə təbrik edib.


Müəllif: Cavad

Oxşar xəbərlər