Dünya təcrübəsində eyni ixtisas üzrə kollec səviyyəsində təhsil alan tələbələr həmin ixtisas üzrə imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanda bunun tətbiq edilməsi indiki halda o qədər də real deyil: “Düzdür, orta ixtisas təhsili iqtisadiyyatın müxtəlif səhələrinin müvafiq kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni – gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir.
Ötən illər ərzində orta ixtisas təhsilinin normativ-hüquqi bazası, demək olar ki, tam formalaşdırılıb. Orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca dəyişməsinə, mövcud sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsinə imkan verib. Buna baxmayaraq hazırda Azərbaycanda fəaliyyət göstərən 60-dan çox orta ixtisas təhsili müəssisəsinin əmək bazarına buraxdığı kadrların hamısı günün tələblərinə cavab vermir”.
Kamran Əsədov əlavə edib ki, hazırda ölkənin müxtəlif şəhərlərində orta ixtisas təhsilli kadrlar çalışır: “Onların arasında tibb və təhsil sahəsində çalışanlar üstünlük təşkil edir. Belə ki, dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində işləyən ingilis dili müəllimlərinin 21,6 faizi orta ixtisas təhsillidir. Orta ixtisas təhsili ilə dərs deyən pedaqoqların siyahısında 2-ci yerdə informatika müəllimləri dayanır. Orta məktəblərdə informatika müəllimlərinin 8,9 faizi orta ixtisas təhsili ilə bu fənni tədris edir. Biologiya müəllimlərinin 2,6 faizi, qeyri-rus sektorunda dərs deyən rus dili və ədəbiyyat müəllimlərinin 1,9 faizi, rus dilində dərslər keçirilən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyat müəllimlərinin 1,5 faizi, ana dili və ədəbiyyat müəllimlərinin 1,3 faizinin təhsili orta ixtisas səviyyəsindədir”.
Ekspert bilidib ki, ümumilikdə Azərbaycanın orta məktəblərində 155448 müəllim çalışır ki, onların da 77,9 faizi qadındır: “Müəllimlərin 79.7 faizi ali, 20,3 faizi pedaqoji orta ixtisas təhsillidir.
Lakin dünyanın bir çox ölkələri ilə müqayisədə bu, yaxşı hal deyil. Finlandiyada müəllim kimi fəaliyyət göstərmək üçün təkcə ali təhsilə malik olmaq yetərli deyil, bu vəzifəni yerinə yetirmək üçün həmən şəxsin magistr dərəcəsi də olmalıdır.
Statistik göstəricilərə baxdıqda görürük ki, orta ixtisas təhsili müəssisələrinin məzunlarının əmək bazarında faizi üstün deyil. Ona görə də, qeyd olunan dəyişikliklər ancaq o orta ixtisas təhsili müəssisələrinə şamil oluna bilər ki, o kolleclər ali təhsil müəssisələrinin nəzdində və ya tabeliyində fəaliyyət göstərir.
Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji kolleci, İqtisad Universitetinin Maliyyə - İqtisad kolleci, Memarlıq və İnşaat Universitetinin İnşaat kolleci, Odlar Yurdu universiteti, Qərb Universiteti, Kooperasiya Universitetinin eyni adlı kollecləri var. Həmin kolleclərdəki ixtisaslar onların universitetində də var. Kolleci yüksək göstəricilərlə, fərqlənmə diplomu ilə bitirənlər birbaşa həmən universitetlərə qəbul oluna bilər. Hesab edirəm ki, bu yeniliyi yalnız bu yolla həyata keçirilmək olar”.
Qeyd edək ki, yaxın illərdə Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarında Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən oxuya biləcəkləri barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov açıqlama verib.