23 Dekabr 2017 10:27
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ili qarşılamağımıza 10 gündən az vaxt qalır. Belə bir deyim var: “Köhnə ili necə yola salırsansa, yeni ili də elə qarşılayacaqsan”.

Təbii ki, bütün problemlərə, sıxıntılara baxmayaraq, hər kəs çətinlikləri köhnə ildə qoyacağına, təzə ildə xoş söz, şad xəbər eşidəcəyinə ümid bağlayır...

Artıq bir müddətdir, mağaza və küçələr Yeni il atributları ilə bəzədilib. Amma şəhərdə bayram ab-havası əməlli-başlı hiss olunur desək, bir az şişirtmiş olarıq.

Ötən il olduğu kimi, bu il də Bakı Şəhər İcra Hakimiyyəti şəhərin müxtəlif yerlərində Yeni il yarmarkaları təşkil edib. Yarmarkalar əsasən metroların yaxınlığında quraşdırılıb.

Oxucularımıza paytaxtın bayrama necə hazırlaşdığını çatdırmaq üçün “28 May” metrostansiyası yaxınlığındakı çadır yarmarkaya baş çəkdik.

Səliqəsiz rəflər, alınmayan yolkalar...

Yarmarkalar paytaxt sakinləri üçün nə qədər gərəkli olsa da, onların kənardan səliqəsizliyi və pintiliyi diqqətdən yayınmır. Düşündük ki, bəlkə içəridə səliqə-sahman olar. Amma rəflərə qarışıq şəkildə yığılan atributlar fikrimizin doğru olmadığını göstərdi. “Məni çəkmə, dövlət işçisiyəm”, “əlimdə pul olan şəkili sil”, “gəl, oyuncağı bizim rəfdən al, daha ucuz qiymətə verəcəm”, - deyə şərt qoyan satıcılarla da qarşılaşdıq.

Bir neçəsi çəkliş etdiyimizi görüb: “Malları təzə gətirmişik, hələ səliqəli yığılmayıb. Sabah gəlin, burda nə mallar olacaq e...”- dedi.

Çadırdakı atributların qəribə qoxusu var idi. Elə bil, hardasa rütubətli yerdə qalıb, nəm çəkib.

Keçək Yeni il atributlarının qiymətlərinə... Yolkaların qiyməti 20 manatdan başlayıb, 150 manata kimi davam edir. 150 manatlıq yolkanı almış olsanız, endirim edərlər. Stolüstü yolkalar elə də baha deyil – 5 manata. Bəzəklisinə isə 15 manat xərcləməlisən.

Əgər evinizə normal ölçülü yolka almaq istəsəniz, 50 manatınızdan keçməlisiz.

İndi də yolkalara taxılan aksessuarların qiymətindən danışaq. Zərlərin qiyməti 2-5 manat arasında dəyişir. 3 manata sadə, 6 manata bəzəkli aksessuar satılır. Yolkalara bəzək vuran rəngli işıqların qiyməti 12-30 manatdır. Şaxta baba, Qar qız aksessuarların qiyməti 15- 85 manat təşkil edir.

Maskalar 2-5 manata təklif olunur. Şaxta baba papaqları 1 manat, 1 manat 50 qəpikdir. Heç təzəyə oxşamır...

75 manata it fiquru

Satıcı Rauf deyir ki, keçən ilə nisbətən bu il əhalinin alıcılıq qabiliyyəti yüksəkdir: “Keçən il gətirdiyimiz yolkalardan çox az satmışdıq. Bu il isə yolkalar yaxşı gedir. İnsanlar daha çox 30-50 manat arası qiyməti olan yolklardan alır. Beş nəfər isə 70 manatlıqdan alıb – onun hündürlüyü 1 metr 85 santimetrdir. Hələlik daha bahalısını alan yoxdu. Satdığım yolklar keyfiyyətlidir. İnsanlara təklif edirəm ki, yaş dəsmalla yolkanı silsinlər. Rəngi çıxsa, almasınlar”.

2018-ci il İt ili olduğu üçün yarmarkada heyvan fiqurları, əsasən də it satılır. Mahnı oxuyan fiqurlar 4 manatdan başlayır. 75 manata it fiquru da gördük.

Yarmarkada hədiyyə paketi 1 manatdır. İçindən hədiyyə çıxsa, 3 manat ödəməli olacaqsız.

Yolkların çatdırılması pulsuzdur

Digər satıcı Əvəz isə satılan malların baha olmadığını deyir: “Əksəriyyət çalışır ki, bayramda evində yolka bəzəsin. Biz də onları arzusuna çatdırıb, bir balaca da qazanc əldə edirik. Baha satmırıq, alıcı da az deyil”.

Yarmarka çadırının ətrafında Şaxta baba, Qar qız da fəaliyyət göstərir.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamenti tərəfindən paytaxtda 15 yarmarka çadırı quraşdırılıb. Çadırlar yanvarın 4-də yığışdırılacaq.

Yarmarka çadırını tərk edib, geri dönən zaman yolüstü yeni il yolkalarının və atributlarının satıldığı mağazaya da baş çəkdik.

Mağazada yolkaların qiymətlər 35 manatdan başlayır. 350 manata da yolka var.

Satıcı Namiq deyir ki, baha yolkalar sifarişlə gətirilir: “2 mindən baha yolkalar da olur. Amma onları sifarişlə gətiririk. 200 manatdan baha yolkaları evə pulsuz çatdırırıq. Bu il mağazamızdan yeni il atributları zəif alınır. İnsanlar daha çox 45 manatlıq yolkaları almağa üstünlük verirlər.

Yolkalarımızın əksəriyyəti Çindən gətirilir, amma keyfiyyətlidir. Aksessuaların da qiyməti 1-10 manat arasındadır”.

Gördüklərimiz, şahidi olduqlarımız göstərdi ki, evinizdə orta boylu yolka bəzəsəniz, 200 manat yaxın pul xəricləməlisiz. Qiymətlər müxtəlifdir. Bahalı və çox bəzək əşyası olan yolka üçünsə pulunuz çox olmalıdır. Hər şey istəyinizdən və cibinizdəki məbləğdən asılıdır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər