Bugünlərdə efirimizdəki durumu yoxlamaq qərarına gəldim və dəhşət məni bürüdü.
Teleqraf.com xəbər verir ki, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət bildirib.
O qeyd edib ki, doğulub boya-başa çatdığı Xaçmazın Dədəli kəndində az qala İranın bütün radiolarını rahatca dinləmək mümkündür:
“Eyni zamanda Rusiyanın bir sıra radio kanalları hətta FM dalğasında əlçatandır. Hələ mən ərəb dilində radiokanalları demirəm. Üstəlik, dini kanallar da at oynadır. Bir sözlə, bizim kənddə Azərbaycana qarşı olan hər kəsin radiosunu dinləmək mümkündür”.
A.Həsrət bu durumu informasiya məkanımıza təhlükə hesab etdiyini vurğulayıb:
“Yəni, xarici və əsasən də zərərli radioların qarşısını almaq üçün doğrudanmı imkan yoxdur? Yalnız bir şeyə sevindim ki, türkməncə də bir radio var efirdə”.
A.Həsrət jurnalistlərdən məsələni ictimailəşdirməyi, uyğun dövlət qurumlarından açıqlama almağı xahiş edib:
“Efirimiz işğal altındadır. Sözardı onu da qeyd edim ki, Gəncəbasar bölgəmizdə də Ermənistan və Gürcüstan radioları at oynadır. Bunu da o tərəflərdə olanda müşahidə etmişdim”.