Azərişıq ASC bayram və qeyri-iş günləri sayılan 31 dekabrdan 3 yanvaradək enerji istehlakçıları və Yeni il tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görəcək.
Bu barədə Teleqraf.com-a Azərişıq ASC-dən məlumat verib.
Bayram günlərində “Azərişıq”ın Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Həmçinin qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin icrası müvəqqəti olaraq dayandırılacaq.
Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində növbətçilik təşkil olunacaq, habelə zəruri mal-materialların ehtiyatı yaradılacaq.