15 Yanvar 2018 14:11
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il məişət zorakılığına qarşı mübarizə sahəsində vacib addımlar atılıb.

Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, həmin addımlardan biri onlayn Məlumat Bankının yaradılması olub: “Bank yaradıldıqdan sonra təlimlər keçirilib, elektron açarlar paylanılıb. Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər dövlət qurumları və yerli icra hakimiyyətləri nümayədələrinə məlumatları onlayn şəkildə Banka yerləşdirmək tapşırığı verilib. Bu il xüsusi ilə regionlarda təlimlərin davam etdirilməsi və elektron açarların ehtiyac olan ərazilərə paylanması davam etdiriləcək. Məqsədimiz məişət zorakılığı ilə bağlı problemləri aradan qaldırmaqdır”.

Elgün Səfərov bildirib ki, 2018-ci ildə məişət zorakılığına qarşı mübarizə sahəsində “Qaynar xətt”in yaradılması planlaşdırılır: “Bu xətt Məlumat Bankı ilə birləşdiriləcək ki, birbaşa siqnal daxil olanda məsələnin həlli üçün işlər görülsün. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məişət zorakılığının qarşısının alınması ilə bağlı Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və digər qurumlarla ikitərəfli və üçtərəfli sazişləri var. Bu il milli qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır. “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”, Ailə Strategiyası layihələrinin təsdiqlənməsi və icraya yönəldilməsini gözləyirik.

Bununla yanaşı dövlət qulluqçuları və sakinlərlə maarifləndirmə tədbirləri davam etdiriləcək. Erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, uşaqların, qadınların hüquqlarının pozulması ilə bağlı mübarizə aparılacaq”.

Şöbə müdiri qeyd edib ki, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elektron sistem yaradılması da nəzərdə tutulub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər