Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Ceyhun Bayramov həmçinin, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. O, qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.
Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışıb.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu çıxış edərək müasir müəllimin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, həmçinin müəllimləri Gənclər Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar.
Tədbirdə gənc müəllimlər də çıxış ediblər.
Sonda müəllimlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib