Bütün maneələrə baxmayaraq, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının möhtəşəm açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, dünən Fələstinin mərkəzi Ramalla şəhərində “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub.
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələr baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib.
Açılış mərasimində eyni zamanda, “Gənclər Paytaxtı” proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.
Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və idman naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov Proqramı rəsmən açıq elan ediblər. Elşad İskəndərov öz çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındigi çətin bir vaxtda musəlmanların ilk qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirib.
Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət verib, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə edib, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında “Qüds – Gənclər Paytaxtı” proqramına üzv ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov öz çıxışında keçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili elan olunduğunu söyləyib, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat verib.
Nazir Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini, Qüds – İƏT Gənclər Paytaxtı proqramının uğurla həyata keçməsi üçün lazımi dəstək verəcəyini bildirib.
Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı da elan olunub.
Fələstin administrasiyasının paytaxtı Ramllahda keçirilən “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının bugünkü mərasimində Fələstin Prezidenti Mahmud Abbas İƏT Gənclər Forumu sədri səfir Elşad İskəndərovu Fələstinin ali dovlət nişanı olan Qüds Ulduzu Ordeni ilə təltif edib.
Mahmud Abbas müsəlmanların ilk qibləsi olan Qüdsün adına verilən ordenin Elşad İskəndərova Qüdsün beynəlxalq statusunun qorunması və “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının müxtəlif çətinliklərə rəğmən həyata keçirilməsində xidmətilərinə görə təltif edildyini vurğulayıb.
Təltifetmə mərasimi zamanı Mahmud Abbasa təşəkkür edən Elşad İskəndərov bu qiymətin Azərbaycan dövlətinin təşəbbüsü ilə yaranan və Azərbaycan Prezidenti Ilham Əliyevin İslam həmrəyliyinin gücləndirilməsi kursuna uyğun həyata keçirilən beynəlxalq fəaliyyətdə İƏT Gənclər Forumunun bütün əməkdaşlarının zəhmətlərinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Qeyd edək ki, Qüds Ulduzu Ordeni Fələstin Dövlətinin ali dövlət nişanlarından biridir, Fələstinin azadlığı və Qüdsün statusunun müdafiəsində ali xidmətlər göstərmiş xarici dövlət və ictimai xadimlərinə təqdim olunur.
“İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlayıb, 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunub.