Hər gün uşağımı döyürdü. Bir gün soyuq havada uşağı döyüb, qapıdan çölə qoydu...
Bunu Teleqraf.com-a atası tərəfindən döyülən körpənin anası Rəna Seyidova danışır.
Rəna Seyidova (ad şərtidir) 36 yaşında ailə həyatı qurub. Amma xoşbəxtliyi uzun çəkməyib:
“Ailəm həyat yoldaşıma ərə getməyimə razı deyildi. Çox fikirləşdim. Nəhayət, qərar verdim ki, onu sevirəmsə, ailə həyatı qurum. Beləcə, qoşulub qaçdım və biz rəsmi nikaha daxil olduq. Çörək sexində işləyirdim. Sakit həyat tərzimiz vardı. Hamilə olandan sonra işdən ayrıldım”.
Bir müddət cütlüyün evlilik həyatı normal qaydada davam edib. Amma uşaq olandan sonra hər şey dəyişib.
Rəna Seyidova deyir ki, əvvəllər yoldaşı ilə münasibətləri yaxşıymış:
“Düzdür, arada söz-söhbətimiz olurdu, amma barışırdıq. Normal qaydada yaşayırdıq. Həyat yoldaşım məni heç vaxt döyməzdi. Uşağımız dünyaya gələndən sonra o, tamam dəyişdi. Sanki başqa bir adama çevrildi. Uşaq ağlayan kimi yoldaşım onu məndən alır, çəkələklə döyürdü. Daha sonra qapıdan çöldə saxlayırdı.
Ona yalvarırdım ki, uşağı vurma, amma sözlərimə heç bir məhəl qoymurdu. Psixoloji problemləri yaranmışdı.
Uşaq ağlayan kimi ilk işi onu döyməkdə, oyuncaqlarını sındırmaq olurdu. Hava soyuq olanda uşağın ağlamağını eşitməsin deyə, onu çöldə yatızdırıb, otağa gətirirdim”.
Həmsöhbətim uşağının döyülməsinə dözməyib və atası evinə qayıdıb:
“Bir dəfə ata evimə gəldim. Bacılarım dedi ki, daha geri qayıtma. Yoldaşım gəlib üzr istədi. Yavardı ki, bir də etdiklərini təkrarlamayacaq. Düşündüm ki, gec ailə qurmuşam, kənardan hərə bir söz deyəcək. Ailəmi dağıtmayım.
Bir müddət həyat yoldaşım bizimlə yaxşı davrandı. Yenidən hamilə qaldım. Yoldaşım yenə uşağımı döyməyə, məni təhqir etməyə başladı. Qızımı da çox incitdi. Mənə deyirdi ki, uşağa yemək vermə. Bir gün gecə uşaq ağladı və o əsəbiləşdi. Əmziyinin başını kəsdi və gizlətdi. Uşaq səhərə qədər ağladı...
Bir dəfə uşağımı necə vurdusa, burnundan qan açıldı. Onu incitməyinə dözməyib, 7 aylıq hamilə ola-ola qızımı da götürüb, evdən ayrıldım. Ata evimə də qayıda bilmədim. 3 gün tanış, 5 gün qohum evində, yanımda azyaşlı uşaqla yaşadım...
Çox stress keçirtdim. Daha sonra "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə gəldim. İkinci övladım erkən, 7 aylıq doğuldu. Allaha çox yalvardım ki, bircə uşağa heç nə olmasın. Balam 3 gün həyatda yaşamaq üçün mübarizə apardı. Gücü yetmədi. 3 gün sonra öldü”.
Rəna Seyidova deyir ki, o, sığınacağa yerləşəndən sonra həyat yoldaşı onu axtarıb:
“Rəsmi nikahdayıq. Mənə dedi ki, barışaq, dəyişəcəm. Amma mən boşanacağımı bildirdim. Mən uşağımı və canımı götürüb qaçmışam. Məni döysəydi, dözərdim, amma körpəni döyməyinə tablamadım. Həyat yoldaşımın valideynləri yoxdur, baldızları da evliliyimizə mane törətmirdilər. Sığınacağa gəlməyimdən xəbərlərinin olub-olmadığını bilmirəm”.
Qadın deyir ki, uşağı əməliyyat olunacaq:
“Boğazında problem var. Əməliyyat olunacaq. Daha sonra kirayə ev tutub, iş tapıb, qızımla yaşayacam. Döyülmək, yenidən təhqir olunmaq istəmirəm. Təzə-təzə burda qalanda gecələr qorxurdum ki, yoldaşım bu dəqiqə gəlib bizi öldürəcək.
Mən heç bir məktəb bitirməmişəm. Təmizləyici işləri edəcəyəm, amma qızımla sakit ömür yaşayacağam”.